Masazırda baş verən çökmə: həbslər olacaqmı? – Açıqlama
15:36 SosialXəbər verdiyimiz kimi, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Zəngilan şəhərciyi" ərazisində yeni çəkilən yol qısa müddət sonra çöküb. İlkin məlumata görə, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub. Sakinlər və sürücülər isə yolun keyfiyyətsiz tikildiyini iddia edirlər.
Deyilənlər öz təsdiqini taparsa, həmin yolun tikintisinə və təmirinə nəzarət edən şəxslər məsuliyyətə cəlb oluna bilərmi?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, yolun layihələndirilməsi zamanı istər tikinti prosesində, istərsə də istismardan sonra mütəmadi monitorinqlər aparılmalıdır:
"Yəni torpağın alt qatının öyrənilməsi, kanalizasiya xəttinin və digər kommunikasiya xətlərinin həmin ərazidən keçib-keçməməsi mütləq şəkildə araşdırılmalıdır. Çünki torpaq yatağının hazırlanması və kipləşdirilməsi zamanı yeraltı kommunikasiya xətlərinə zərər dəyə bilər. Bu baxımdan ərazinin geoloji və topoqrafik xüsusiyyətləri əvvəlcədən öyrənilməli və yalnız bundan sonra işlərə başlanmalıdır. Görünür ki, bu halda müəyyən tələskənliyə yol verilib və nəticədə belə bir vəziyyət yaranıb. Qaldı ki, məsələnin araşdırılması ilə bağlı, təbii ki, hadisənin başvermə səbəbləri araşdırılacaq və artıq məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb".
Ekspert onu da əlavə edib ki, ərazidə müvafiq işlər görüləcək və problem aradan qaldırılacaq:
"Lakin konkret olaraq kiminsə məsuliyyətə cəlb olunması və ya hər hansı cəza tədbirlərinin tətbiqi hüquq-mühafizə orqanlarının və digər səlahiyyətli qurumların səlahiyyətindədir. Bu məsələ artıq mühəndis baxışından daha çox hüquqi və inzibati araşdırma tələb edir".