İdman qida məhsullarının satışında nöqsanlar aşkar edilib

Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən idman qidalarının satışının həyata keçirildiyi mağaza və idman zallarında monitorinq aparıb. Agentlikdən "Olaylar"a bildirilib ki, monitorinq aparılan 17 müəssisənin 16-da idman qida məhsullarının satışının həyata keçirildiyi halda qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 34 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Əfqan Ruslan oğluna məxsus "Wolf Fitness" idman zalında arıqlamaq məqsədilə qəbul edilən "L-Carnitine 2000 caffeine" əmtəə nişanlı, Sabunçu rayonu, Bakıxanov ştq, Sülh küçəsi 14/2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bayramov Fuad Fəqan oğluna məxsus "Arslan" fitnes zalında isə "Gold Standart Whey", "C4-Pre Workout", "Argipower 120 cephl" əmtəə nişanlı idman qida məhsullarının müvafiq icazə sənədi olmadan qanunsuz şəkildə satışının həyata keçirildiyi aşkarlanıb. Həmin məhsullardan nümunələr götürülərək təhlükəsizlik tələblərinin yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib və məhsulların toxunulmazlığı təmin edilərək satışdan kənarlaşdırılıb.  Monitorinq zamanı həmçinin "İRON MAXX", "Whey.az", "Protein Shop" mağazalarında, "Qol güləşi idman kompleksi"ndə, "Wolf Fitness", "Just FİT", "Arslan Fitnes" və "Adrenaline" idman zallarında üzərində Azərbaycan dilində etiket məlumatları olmayan idman qida məhsulları aşkar edilib ki, həmin məhsullar da satışdan kənarlaşdırılaraq etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstərişlər verilib. 
Monitorinqlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31