Elm həm də dəyərdir, xarakterdir, insanlıqdır- ÖZƏL

"Elm Günü çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)-də həyata keçirilən təşəbbüs - universitetlə əməkdaşlıq etmiş 10 professorun portretlərinin tədris binalarında, auditoriyaların qarşısında yerləşdirilməsi - sadəcə simvolik addım deyil, bu, elmin, zəhmətin və insanlığın yaddaşa həkk olunmasıdır". Bunu "Olaylar"a İqtisad eləmləri doktoru, professor Zahid Məmmədov deyib: "Bu portretlər divarları deyil, yaddaşları bəzəyir. Bu, universitetin keçmişinə hörmət, gələcəyinə isə istiqamətdir.
Xüsusilə AMEA müxbir üzvi, professor Teymur Vəliyevin portretini görmək mənim üçün dərin emosional an oldu. Bu, sadəcə bir alimin şəkli deyil - bu, mənim həyat yolumda iz qoymuş, mənə dayaq olmuş, mənə inanan bir insanın canlı xatirəsidir.
1998 ci ildə Türkiyədən qayıtdığım ilk günlərdə, yadlıq hissinin, qeyri-müəyyənliyin içində olduğum bir zamanda mənə əl uzadan, mənimlə maraqlanan, mənə yol göstərən məhz Teymur müəllim oldu. Onun münasibəti təkcə peşəkar dəstək deyildi - bu, səmimi insanlıq, qayğı və böyük ürək idi. O, məni həddindən artıq sevirdi və bu sevgi mənim üçün güc, motivasiya və inam mənbəyi idi.
Bu gün onun portreti qarşısında dayanarkən bir daha anladım ki, insanın böyüklüyü yalnız elmi nailiyyətləri ilə ölçülmür. Əsl böyüklük - insanlara toxuna bilmək, onların həyatında iz qoymaq, çətin anlarında yanında olmaqdır. 
Bu təşəbbüs gənc nəsillərə bir mesajdır: elm yalnız bilik deyil, həm də dəyərdir, xarakterdir, insanlıqdır.
Professor Teymur müəllim kimi insanlar isə zaman keçsə də unudulmur - onlar yaddaşlarda yaşayır, yol göstərməyə davam edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31