Rasim Balayevdən sonra yeni sədr kim olacaq?

Xalq artisti, görkəmli sənətkar Rasim Balayevin vəfatından sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədr seçilənə qədər kimlər tərəfindən və necə idarə olunacağı açıqlanıb.

İttifaqın katibi Əli İsa Cabbarov Musavat.com-a açıqlamasında bildirib ki, nizamnaməyə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti ali idarəedici orqandır. Onun sözlərinə görə, operativ qərarlar isə katiblik tərəfindən verilir:

"İdarə Heyəti 37 nəfərdən ibarət olub, Rasim Balayevdən sonra bu say 36-ya düşüb. Katibliyin isə 14 üzvü var. Birinci katibimiz Şəfiqə Məmmədovadır. İcraçı katib Əli İsa Cabbarovdur. Təhsil məsələlərinə isə katib Oleq Səfərəliyev baxır. Yəni idarəetmə əsasən rəhbərlik və katiblik tərəfindən həyata keçirilir. Belə demək olar ki, əsas qərarverici orqanlar bunlardır".

Əli İsa Cabbarov deyib ki, növbəti sədr seçkilərinin vaxtı hələ dəqiqləşməyib:

"Rasim müəllimin 40 mərasimi başa çatdıqdan sonra qurultayın keçirilmə tarixi elan olunacaq. Çünki nizamnaməyə əsasən, qurultaydan 1-2 həftə əvvəl onun keçirilməsi barədə rəsmi elan verilməlidir. Bundan sonra isə qurultayda yeni sədr seçiləcək. Namizəd ittifaqın istənilən üzvü ola bilər".

Xatırladaq ki, Xalq artisti Rasim Balayev martın 29-da Türkiyədə müalicə olunduğu xəstəxanada vəfat edib. Onun nəşi Birinci Fəxri xiyabanda torpağa tapşırılıb. Aktyor 4 il idi ki, Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrlik edirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31