Bank əməkdaşları Qiymətləndiricilər Palatasına üzv ola bilər – AQC sədrindən TƏKLİF AQC sədrindən TƏKLİF
16:00 SosialBu günlərdə maliyyə-bank sektoru ilə sahibkarlar arasında əməkdaşlığın daha da gücləndirilməsi və biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə Mərkəzi Bankın İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti geniş iclası keçirilib.
Tədbirdə Şuranın üzvləri, bank və maliyyə institutlarının rəhbər şəxsləri, həmçinin müxtəlif sahələri təmsil edən assosiasiya rəhbərləri iştirak ediblər.
Şuraya rəhbərlik edən Mərkəzi Bankın sədri Taleh Kazımov çıxışı zamanı tərəflər arasında dialoqun davamlılığının təmin olunmasının, qarşılıqlı etimadın möhkəmləndirilməsinin və konkret təşəbbüslərin həyata keçirilməsi üçün birgə fəaliyyətin genişləndirilməsinin vacibliyini qeyd edib. O, Şuranın bundan sonra da maliyyə-bank sektoru ilə biznes ictimaiyyəti arasında effektiv platforma rolu oynayacağına, eyni zamanda, sahibkarlıq mühitinin dayanıqlı inkişafına mühüm töhfələr verəcəyinə dair əminliyini vurğulayıb.
Tədbirdə Şura üzvü, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc qiymətləndirmə sektorundakı mövcud vəziyyət və problemlərdən danışıb.
Çıxışına Mərkəzi Bankın İdarə Heyətinin sədrinə Milli Qiymətləndirmə Standartlarının hazırlanmasında Azərbaycan Banklar Assosiasiyası və Sığortaçılar Assosiasiyasının iştirakı ilə bağlı verilən qərara görə öz təşəkkürünü bildirməklə başlayan AQC sədri bu dəstəyi qiymətləndirmə sektorunun inkişafı üçün atılan mühüm addım kimi dəyərləndirib. Qeyd edib ki, Mərkəzi Bankın qısa müddət ərzində bu istiqamətdə fəaliyyətinin təşkilinə verdiyi töhfə qiymətləndiricilər üçün geniş imkanlar yaradacaq.
Vüqar Oruc mövcud problemlərə toxunaraq bildirib ki, "Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanuna əsasın Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarında uğur qazanmış onlarla bank əməkdaşı hələ də Qiymətləndiricilər Palatasının üzvlüyə qəbul edilmir. AQC sədri bu maneənin aradan qaldırılması üçün Türkiyə modelinə (TDUB) keçidi təklif edib.
"Türkiyədə banklarda çalışan mütəxəssislər "qiymətləndirmə eksperti" statusu ilə birliyə üzv olur və rəylərin yoxlanılmasına cavabdehlik daşıyırlar. Azərbaycanda da bu təcrübənin tətbiqi səmərəli nəticənin əldə edilməsinə şərait yaradar."
AQC sədri bildirib ki, hazırda 16 kommersiya bankının təmsil olunduğu Bank Ekspertlər Şurası AQC nəzdində fəaliyyətini uğurla davam etdirir. Sektorlararası koordinasiyanın daha da gücləndirilməsi üçün Azərbaycan Banklar Assosiasiyasının da Bank Ekspertlər Şurasında təmsil olunmasını məqsədəuyğun hesab edib.
Sonda Vüqar Oruc Mərkəzi Bankın sədri Taleh Kazımovdan və əlaqəli dövlət qurumlarından qiymətləndirmə sektorunda inhisarçı meyllərin qarşısının alınması, şəffaflığın təmin edilməsi istiqamətində AQC-nin məqsədyönlü fəaliyyətinə dəstək verilməsini xahiş edib.