Qəbir yerləri köhnə sakinlərə pulsuz, yenilərə pulla satılır? - İDDİA

Masazır qəsəbəsində qəbiristanlıq ərazisində boş sahələrin alınıb daha yüksək qiymətə sakinlərə qəbir yeri kimi satıldığı iddiaları səsləndirilir. 

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, bu məqsədlə onlardan xeyli məbləğdə pul tələb olunur:

"Qəsəbədə torpaq çatışmazlığı onsuz da ciddi problemdir və qəbiristanlıqda boş yer tapmaq demək olar ki, mümkün deyil".

Onlar iddia edirlər ki, əraziyə nəzarət edən Pənah Məmmədov torpaqları aşağı qiymətə əldə edib daha baha qiymətə satır.

Adı qəbir yerlərinin satışı ilə bağlı hallanan Pənah Məmmədov da mövzu ilə bağlı münasibət bildirdi. O, səsləndirilən iddiaları qəbul etmədiyini və qəbiristanlığa rəsmi nəzarətin Eldar adlı şəxsə həvalə olunduğunu dedi.

Sakinlərin sözlərinə görə, köhnə kənd camaatına qəbir yerləri pulsuzdur. Amma sonradan gəlmə vətəndaşlara isə 1000-2000 manata satılır. 

Məsələ ilə bağlı Masazır Bələdiyyəsindən bildirildi ki, qurumun qəbirsanlığa nəzarət üzrə şəxsi ərazidədir. Abşeron Rayon Masazır qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbəri Güləhməd Xəlilov faktı təsdiqlədi və qeyd etdi ki, imkanlı şəxslər tərəfindən əvvəlcədən alınan torpaq sahələrinin sakinlərə qəbir yeri kimi baha qiymətə satılması rast gəlinən hallardandır. 

Mövzu ilə bağlı hüquqşünasların sözlərinə görə, qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarının ölkədə olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdriyyəti tərəfindən ödənişsiz ayrılır. 

Hüquqşünaslar qeyd edib ki, qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31