DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciəti edib.

Bu barədə Olaylar.az-a BDYPİ-dən məlumat verilib.

Məlumata görə, hazırda respublika ərazisində yağışlı hava hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.

Bildirilib ki, yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri sürücülərdən diqqətli olmağı, qaydalara qeyd-şərtsiz əməl etməyi tələb edir.

"Bayram tətili günlərində səfərə çıxan əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə əlaqədar yollarda hərəkət intensivliyinin artmasını da nəzərə alaraq bir daha sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, ehtimal olunan təhlükələrə qarşı qabaqlayıcı tədbirlər görməyi, xüsusilə sürət həddini, ara məsafəsini, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağı xahiş edirik", - deyə məlumatda qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31