Məhkəmə Maskın “bot hesab” açıqlamalarını qanun pozuntusu sayıb

ABŞ-nin San-Fransisko şəhərində keçirilən məhkəmədə andlılar heyəti "X" sosial şəbəkəsinin sahibi İlon Maskın platformadakı saxta hesablarla bağlı açıqlamalarının federal qanunları pozduğuna qərar verib.

Olaylar.azın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qərarda Maskın "bot hesablar"la bağlı iddialarının "X" səhmlərinin "süni şəkildə dəyər itirməsinə" səbəb olduğu bildirilir.

Bununla belə, heyət Maskın investorları aldatmaq məqsədilə ümumi "dələduzluq sxemi" həyata keçirdiyi iddialarını təsdiqləməyib.

Xatırladaq ki, İlon Mask 2022-ci il 14 aprel tarixində ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi sənəddə "X"i hər səhm üçün 54,2 dollar qiymətlə almağı təklif etmişdi. Aprelin 25-də tərəflər satışla bağlı razılıq əldə etdiklərini açıqlamışdılar.

Lakin Mask 13 mayda saxta və spam hesabların sayına dair məlumatların dəqiqləşdirilməsini əsas gətirərək təxminən 44 milyard dollarlıq satınalma prosesini müvəqqəti dayandırdı. Bundan sonra şirkətin səhmlərində eniş müşahidə olundu və həmin açıqlamalar səbəbilə ona qarşı məhkəmə iddiası qaldırıldı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31