Xan Şuşinskiyə həsr olunmuş tədbir - Muğamın Xan zirvəsi

Azərbaycan Milli Konservatoriyasında "Miras" layihəsi çərçivəsində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Xan Şuşinskiyə həsr olunmuş "Muğamın Xan zirvəsi" adlı tədbir keçirilib.

Tədbir çərçivəsində sənətkarın adını daşıyan xatirə otağının açılış mərasimi və konsert proqramı təşkil olunub.

Xatirə otağının açılış mərasimində mədəniyyət nazirinin müavini Murad Hüseynov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Kitabxananın direktoru Kərim Tahirov, Xan Şuşinskinin övladı, Xan Şuşinski Fondunun prezidenti Bəyimxanım Verdiyeva, mədəniyyət xadimləri və Konservatoriyanın rəhbərliyi iştirak ediblər.

Açılışda Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə xatirə otağı haqqında məlumat verib. O bildirib ki, burada Xan Şuşinskiyə məxsus afişalar, şəkillər və kitablar sənətkarın yaradıcılıq yolunu əks etdirir.

"Muğam" kafedrasının müdiri, Xalq artisti, professor Mənsum İbrahimov çıxışında Xan Şuşinskinin Şərqin böyük xanəndəsi olduğunu deyib. O qeyd edib ki, sənətkarın şəxsiyyəti, ifası, musiqiyə yanaşması Azərbaycan xanəndələri üçün bir nümunədir.

Xatirə otağının açılışından sonra Fikrət Əmirov adına zalda konsert proqramı təqdim olunub.

Konsertdən əvvəl çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov bu cür tədbirlərin Azərbaycanın musiqi təhsilindəki əhəmiyyətindən bəhs edib.

Xan Şuşinski yadigarı Bəyimxanım Verdiyeva çıxışında Mədəniyyət Nazirliyinə, Azərbaycan Milli Konservatoriyasına təşəkkürünü ifadə edib.

Proqram çərçivəsində Xan Şuşinski yaradıcılığından nümunələr yeni interpretasiyada təqdim olunub, Konservatoriyanın tələbələrindən ibarət vokal ansamblının ifası, xalq musiqisi nümunələri səsləndirilib.

Sonda tanınmış dövlət və siyasi xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənov çıxış edərək Xan Şuşinski yaradıcılığının Azərbaycan musiqi mədəniyyətindəki əhəmiyyətini vurğulayıb və layihənin milli-mədəni irsin qorunması baxımından önəmini qeyd edib.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31