Novruz yalnız təbiətin oyanışı deyil- Aysel Sirius təqdim edir

Aysel  Sirius 

Biz insanlar nə qədər də təbiətdən uzaqlaşmışıq? Texnologiyanın bizə verdiyi mənfi təsirlərdən biri, bizi torpaqla təmasdan uzaq etməyidir. İldə bir dəfə insanlıq təbiətlə maksimum dərəcə sıx təmasa girə bilər, amma onu belə etmək istəmirik. Ərinik və lazımsız bilirik.
Novruz bayramı təkcə baharın gəlişi deyil. Bu bayram əslində insanın təbiətlə, kainatla və öz daxili enerjisi ilə yenidən uyğunlaşmasının qədim simvoludur. Minilliklər boyunca qorunub saxlanılan Novruz ənənələrinə diqqətlə baxdıqda onların sadəcə folklor və ya adət olmadığını, daha dərin kosmik məna daşıdığını görmək mümkündür.

Astrologiyada insanın doğum xəritəsini analiz edərkən ilk diqqət edilən məsələlərdən biri dörd əsas elementin - od, torpaq, hava və suyun balansıdır. Bu elementlər insanın xarakterini, həyat enerjisini və davranış modelini formalaşdırır.
Əgər bu elementlərdən hər hansı biri zəifdirsə və ya həddindən artıq güclüdürsə, bu, insanın həyatında müəyyən balanssızlıqlar yarada bilər. Məsələn:
Od elementi zəifdirsə, insan təşəbbüs göstərməkdə, addım atmaqda çətinlik çəkə bilər.
Od elementi çox güclüdürsə, impulsivlik və düşünülməmiş qərarlar arta bilər.
Hava elementi azdırsa, qərar vermək və balans yaratmaq çətinləşə bilər.
Torpaq elementi zəifdirsə, insan həyatda sabitlik və güvən hissi tapmaqda çətinlik çəkə bilər.
Su elementi az olduqda, empatiya və emosional əlaqə zəifləyə bilər, çox olduqda isə həddindən artıq həssaslıq yarana bilər.
Maraqlıdır ki, Novruz bayramının rituallarına baxdıqda onların sanki bu elementləri yenidən balanslaşdırmaq məqsədi daşıdığını görürük.
Məsələn, səməni bunun ən gözəl simvoludur. Səməni özündə bütün elementləri birləşdirir:
Torpaq - toxum torpaqda cücərir
Su - onun böyüməsi üçün su verilir
Hava - inkişafı üçün açıq mühit lazımdır
Od - günəşin istiliyi və işığı həyat verir
Beləliklə səməni sadəcə bir bayram atributu deyil, dörd elementin bir araya gəlib həyat yaratmasının rəmzidir.
Novruzun digər rituallarında da elementlərin izi görünür. Tonqaldan tullanmaq və şam yandırmaq od elementini, baharın təmiz havası və açıq havada keçirilən mərasimlər hava elementini, su ilə bağlı təmizlik və yenilənmə ritualları isə su elementini simvolizə edir.
Astroloji baxımdan da Novruz çox xüsusi bir zamana təsadüf edir. Bu dövrdə Günəş Qoç bürcünə keçir və astroloji yeni il başlayır. Qoç zodiakın ilk bürcüdür və başlanğıcların, hərəkətin və yeni dövrlərin rəmzi sayılır. Buna görə də Novruz həm təbiətin, həm də enerjinin yenilənmə nöqtəsi kimi qəbul edilir.
Novruz süfrəsinin simvollarına diqqətlə baxdıqda isə onların da sanki göy cisimləri ilə əlaqəli olduğunu görmək mümkündür.
Paxlava çox zaman ulduz formasında hazırlanır. Astrologiyada sabit ulduzlar böyük hadisələrin və kollektiv enerjinin formalaşmasında mühüm rol oynayır. Paxlavanın bu forması sanki göy üzünün ulduz enerjisini xatırladan bir simvoldur.
Şəkərbura isə yarımay formasındadır. Bu forma birbaşa Ayı xatırladır. Astrologiyada Ay qadın enerjisini, ana bətnini, duyğuları, qoruma instinktini və bərəkəti simvolizə edir. Buna görə şəkərbura sanki qadın enerjisinin və məhsuldarlığın rəmzi kimi görünür.
Qoğal isə dairəvi forması və qızılı rəngi ilə Günəşi xatırladır. Astrologiyada Günəş kişi enerjisini, iradəni, həyat gücünü və yaradıcı potensialı ifadə edir.
Bu simvollara birlikdə baxdıqda maraqlı bir harmoniya yaranır:
Qoğal - Günəş və kişi enerjisi
Şəkərbura - Ay və qadın enerjisi
Paxlava - ulduzlar və gələcək həyatın davamı
Sanki Novruz süfrəsi kosmik bir ailə modelini göstərir: Günəş və Ayın harmoniyası, onların yaratdığı həyat və göyün ulduzlarla dolu sonsuzluğu.
Bu düşüncə tərzi qədim Zərdüştilik dünyagörüşü ilə də maraqlı şəkildə səsləşir. Qədim iran-türk mədəniyyətinin formalaşmasında böyük rol oynamış bu inanc sistemində təbiət elementləri müqəddəs hesab olunurdu. Od, su, torpaq və hava insanın qoruması və hörmət etməsi lazım olan ilahi varlıqlar kimi qəbul edilirdi.
Zərdüşti mənbələrində baharın gəlişi, Günəşin yeni dövrə başlaması və həyatın yenidən canlanması xüsusi mərasimlərlə qeyd olunurdu. Bu mərasimlərdə od əsas təmizləyici və yeniləyici enerji sayılırdı. Tonqal qalamaq, alovdan tullanmaq kimi ritualların köklərinin də məhz bu qədim inanca bağlandığı düşünülür.
Zərdüşti fəlsəfəsində kainat işıq və həyatın təcəssümü kimi qəbul edilirdi. Günəş, ulduzlar və Ay ilahi nizamın göydəki simvolları sayılırdı. İnsan isə bu kosmik nizamın yer üzündəki davamı hesab olunurdu.
Məhz buna görə qədim müdriklər belə deyirdilər:
"Göydə nə varsa, yerdə də onun əksi var."
Novruz bayramına bu prizma ilə baxdıqda onun sadəcə bir bahar şənliyi olmadığını anlayırıq. Bu bayram insanın təbiətlə, elementlərlə və kainatın ritmi ilə yenidən harmoniya qurmasının simvoludur.
Bəlkə də buna görə Novruz gələndə insanlar evlərini təmizləyir, köhnə enerjini geridə qoyur və yeni niyyətlərlə həyata başlayırlar. Çünki baharın bu nöqtəsi bizə xatırladır ki, kainat daim yenilənir və insan da bu yenilənmənin bir hissəsidir.
Novruz bizə yalnız təbiətin oyanmasını deyil, öz daxili balansımızın da yenidən qurula biləcəyini xatırladır.

Ona görə də çalışın bu elementlərlə bağlı ritualları hər il imkan daxilində həyata keçirəsiniz. Mütləq səməni cücərdin. Çünki səməni yetişdirmək insanı təbiətlə yenidən bağlayan çox sadə, amma çox dərin bir prosesdir. Bu proses zamanı biz hiss edirik ki, əslində nə qədər təbiətdən uzaqlaşmışıq və yenidən onun ritminə qayıtmaq mümkündür.
Tonqaldan tullanın, şam yandırın, bayramın digər rituallarını yaşadın. Bu sadə görünən ənənələr insanın enerjisini təmizləyir, onu yenilənməyə hazırlayır.
Çünki Novruz yalnız təbiətin oyanışı deyil. Bu bayram həm də insanın öz daxilində yeni başlanğıclara daha böyük həvəslə və daha güclü enerji ilə addım atmasının rəmzidir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31