Azərbaycanda 4 saytın sahibidir - 6 milyard dollar pulu var
18:52 SosialGürcüstanlı iş adamı Mixeil Lomtadze yenidən Forbes jurnalının versiyasına görə ən varlı Gürcüstan vətəndaşı olub.
Olaylar.az xəbər verir ki, o, bu göstərici ilə keçmiş baş nazir Bidzina İvanişvilini də geridə qoyub.
Batumidə anadan olan və 2007-ci ildən bəri Qazaxıstanda yaşayan Lomtadzenin sərvəti nəşr tərəfindən 6 milyard dollar olaraq qiymətləndirilir. İş adamının sərvəti son bir ildə təxminən 100 milyon dollar artıb. Bu sərvətlə o, dünyanın ən varlı insanlarının siyahısında 680-ci yerdədir.
Hakim "Gürcü Arzusu" partiyasının təsisçisi Bidzina İvanişvili 2,7 milyard dollarlıq sərvəti ilə 1543-cü yerdədir ki, və son 1 ildə mövqeyi dəyişməz qalıb. Əvvəllər Forbes jurnalı onun 2025-ci ilə qədər sərvətini 4,9 milyard dollar olaraq qiymətləndirirdi, lakin nəşr aktivlərin şəffaflığının azalması səbəbindən qiymətləndirmələrini yenidən nəzərdən keçirib.
Lomtadzenin əsas kapital mənbəyi Qazaxıstanın "Kaspi.kz" fintech holdinqidir və o, burada səhmdar, idarə heyətinin sədri və direktorlar şurasının üzvü vəzifələrini tutur. Kaspi.kz rəqəmsal bank, ödəniş platforması, mobil maliyyə xidmətləri sistemi, kreditləşmə, depozit məhsulları və elektron ticarət bazarını əhatə edir.
Bundan başqa, Lomtazde İngiltərənin "Wycombe Wanderers" futbol klubuna sahibdir. Qazaxıstanda idman layihələrini, o cümlədən futbol akademiyalarının yaradılmasını dəstəkləyir. Qazaxıstanda yaşayıb biznes aparsa da, Forbes vətəndaşlığına görə onu gürcü kimi təsnif edir.
Lomtadzenin aparıcı Azərbaycan elan saytları olan "turbo.az", "tap.az", "boss.az" və "bina.az"-ı satın alma tarixi məlum deyil. Lakin saytlara sahib olan "DIGITAL CLASSIFIEDS" MMC 16 avqust 2021-ci ildə dövlət reyestrində qeydiyyata alınıb. MMC-nin nizamnamə kapitalı 50.000 manatdır və hüquqi ünvanı Nəsimi rayonu, Rəsul Rza küçəsi, 75-dir. Şirkətin qanuni nümayəndəsi Gürcüstan vətəndaşı Mamuka Krivalidzedir. (Modern.az)