Şəmsəddin Əliyev deyir ki, İrana qarşı müharibə fonunda bu faktlar arta bilər, çünki...
Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və satışına qarşı növbəti əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Vüsal Quliyev şübhəli şəxs qismində saxlanılıb. Ondan 5 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində bildirib ki, "TikTok" sosial şəbəkəsində tanış olduğu İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb olunub və marixuananı paytaxt ərazisində müxtəlif ünvanlara çatdıraraq maddi qazanc əldə etməyi planlaşdırıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Son dövrlər "TikTok" artıq sosial şəbəkə yox, narkotik alveri üçün platformaya çevrilib. Bu da gənclərin, yeniyetmələrin istifadə etdiyi şəbəkədir.
Polisə Dəstək İctimai Birliyinin sədri, sabiq polis rəisi, kriminoloq Şəmsəddin Əliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: "Bir neçə il əvvəl Bakı şəhərində taksi sürücüləri narkotik dövriyyəsi ilə qruplaşma yaratmışdılar, kuryerliyə başlamışdılar. DİN tərəfindən bu istiqamətdə xeyli faktlar aşkar olunmuşdu. Artıq demək olar ki, görülən tədbirlər nəticə verməyə başlayıb və bu hallar kütləvi xarakter daşımasa da, ayrı-ayrı epizodlar şəklində hələ də müşahidə olunur.
Amma son illərdə "TikTok" , sosial şəbəkələrin, xüsusilə də rəqəmsal platformaların inkişafı qonşu dövlətin narkotik dövriyyəsinin təşkilində yeni üsulların ortaya çıxmasına səbəb olub. Azərbaycanın coğrafi baxımdan yaxın olması bəzi xarici vətəndaşların, o cümlədən qonşu ölkələrdən olan şəxslərin bu sahədə şəbəkələr qurmağa cəhd göstərməsinə şərait yaradır.
Bununla belə, son 10 ildə Daxili İşlər Nazirliyinin narkotiklərlə mübarizə istiqamətində fəaliyyəti xeyli gücləndirilib. Cinayətkarlıqla mübarizə tarixində görünməmiş sayda faktlar məhz bu dövrdə aşkarlanıb. Bu isə narkotiklərin artması ilə deyil, daha çox mübarizə tədbirlərinin genişləndirilməsi və effektivliyinin yüksəldilməsi ilə izah olunur. Yəni hazırda bu sahədə demək olar ki, heç bir fakt diqqətdən kənarda qalmır.
Həm bizim, həm də İran vətəndaşları məsuliyyətə cəlb olunur. Araşdırmalar zamanı diqqət çəkən məqamlardan biri də odur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəlb olunan şəxslər çox vaxt həmin maddələri tanımadıqları İran vətəndaşlarından əldə etdiklərini bildirirlər. Bu isə istintaq prosesini çətinləşdirir, çünki həmin şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması bir sıra hallarda mümkün olmur. Məndə olan məlumata görə, il ərzində 50, bəzən daha çox müraciət olur, İran vətəndaşlarının adları bilinsə belə, Azərbaycan tərəfinin həmin şəxslərin axtarılması, ekstradisiya olunması ilə bağlı müraciətinə başdansovdu baxılır, sorğular cavabsız qalır".
Sabiq polis əməkdaşı əlavə edib ki, narkotiklərlə mübarizə təkcə hüquq-mühafizə orqanlarının üzərinə düşməməlidir: "Bu istiqamətdə maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacibdir. Xüsusilə ali və orta təhsil müəssisələrində, kolleclərdə və liseylərdə gənclər arasında profilaktik tədbirlər aparılmalı, bu mövzu hətta tədris proqramlarına daxil edilməlidir. Eyni zamanda, risk qrupuna daxil olan ailələrin də öyrənilməsi vacib hesab olunur. Ailədaxili nəzarətin zəif olduğu, sosial problemlərin mövcud olduğu mühitlərdə gənclərin bu cür zərərli vərdişlərə meyli daha yüksək olur. Bu səbəbdən aidiyyəti qurumlar - Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi hüquq mühafizə orqanları ilə birgə fəaliyyət göstərməli, belə ailələrlə mütəmadi iş aparmalıdır.
Statistikaya görə, ölkədə hər il qeydə alınan minlərlə cinayətin əhəmiyyətli hissəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. Bununla belə, bu cinayətlərin böyük əksəriyyəti hüquq-mühafizə orqanları tərəfindən açılır və təqsirkar şəxslər müəyyən edilir. Bu cinayətlərin törədilməsində ehtiyatsızlıq yoxdur, bunlar qəsdən törədilir. Onlar nə etdiklərinin fərqində olurlar.
Ümumilikdə, bu sahədə effektiv nəticə əldə etmək üçün kompleks yanaşma vacibdir. Yalnız hüquq-mühafizə tədbirləri ilə kifayətlənmək olmaz - cəmiyyətin özü, dövlət qurumları və sosial institutlar bu mübarizədə fəal iştirak etməlidir. Son 20 gündə ABŞ-nin və İsrail dövlətinin İrana qarşı müharibəsi nəticəsində bu faktlar arta bilər. İran vətəndaşlarının Azərbaycanın sərhədlərindən qanunsuz keçmə halları mümkündür. Dövlət Sərhəd Xidməti də şübhəm yoxdur ki, nəzarəti gücləndirib. Nəzarət güclü olmasa bu qədər fakt da olmaz".