Subyektivlikdən peşəkarlığa: Dövlət qulluğunda maaş strukturunun dəyişməsi nə vəd edir? – ÖZƏL

Dövlət qulluğunda əməkhaqqı sistemi sadələşdirilir və daha şəffaf modelə keçirilir. Yeni yanaşmaya əsasən, staj, səlahiyyət və vəzifə maaşına görə verilən əlavələr, həmçinin müalicə müavinətləri ləğv olunur. Kollektiv və fərdi mükafatlar aradan qaldırılaraq nəticəyönümlü vahid əməkhaqqı sistemi tətbiq ediləcək. Bununla da əməkhaqqının baza hissəsi əvvəlki 35-45%-dən 95%-dən yuxarı səviyyəyə qaldırılacaq.

Yeni əməkhaqqı modelinin əsas üstünlükləri nələrdir? Maaşın əsas hissəsinin artırılması korrupsiya risklərini real olaraq azalda bilərmi?

"Elə hesab edirəm ki, dövlət qulluğunda əməkhaqqı sisteminin sadələşdirilməsi və vahid, şəffaf modelə keçirilməsi dövlət idarəçiliyində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu islahat təkcə maliyyə mexanizmlərinin yenilənməsi deyil, eyni zamanda idarəetmə fəlsəfəsinin müasirləşdirilməsi deməkdir".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspertin sözlərinə görə, dövlət qulluğunda həyata keçirilən yeni əməkhaqqı siyasəti ölkədə institusional islahatların məntiqi davamı kimi dəyərləndirilməlidir. Əməkhaqqının əsas hissəsinin 95 faizdən yuxarı qaldırılması, müxtəlif əlavələrin və subyektiv mükafatlandırma mexanizmlərinin aradan qaldırılması ilk növbədə şəffaflığın və sosial ədalətin təmin olunmasına xidmət edir. Uzun illər formalaşmış təcrübə göstərirdi ki, maaş strukturunda əlavələrin yüksək paya malik olması müəyyən hallarda qeyri-bərabərlik yaradır, həmçinin idarəetmədə subyektiv yanaşmalara yol açırdı. Yeni model isə dövlət qulluqçusunun əməyinin dəyərini daha aydın və konkret şəkildə müəyyənləşdirir, hər kəs üçün bərabər və başa düşülən sistem formalaşdırır. Bu yanaşmanın digər mühüm tərəfi korrupsiya risklərinin azaldılması ilə bağlıdır. Maddi təminatın sabit və yüksək olması dövlət qulluqçusunu əlavə, qeyri-rəsmi gəlir axtarışından çəkindirən əsas amillərdən biridir. Eyni zamanda, bu, dövlət aparatında peşəkarlığın və məsuliyyətin artırılmasına xidmət edir. Lakin burada əsas məqam ondan ibarətdir ki, bu islahat nəzarət və hesabatlılıq mexanizmləri ilə paralel şəkildə həyata keçirilməlidir.

B.Quliyev qeyd edib ki, əlavə və mükafatların ləğvi məsələsinə gəldikdə isə, bu addım idarəetmədə subyektivlik elementlərini minimuma endirir və kollektivdə daha sağlam mühit formalaşdırır. Bununla belə, nəticəyönümlü fəaliyyətin stimullaşdırılması üçün yeni, daha obyektiv qiymətləndirmə mexanizmlərinin tətbiqi də vacibdir. Dövlət qulluğu yalnız sabitlik deyil, eyni zamanda effektivlik üzərində qurulmalıdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, maaşın əsas hissəsinin artırılması dövlət qulluqçularının gələcək sosial təminatına da ciddi müsbət təsir göstərir. Rəsmi gəlirin artması pensiya kapitalının böyüməsi deməkdir ki, bu da uzunmüddətli perspektivdə vətəndaşların rifahına xidmət edən mühüm amildir.

"Bütün bunları nəzərə alaraq demək olar ki, yeni əməkhaqqı modeli dövlət qulluğunu daha cəlbedici, şəffaf və dayanıqlı sistemə çevirən mühüm islahatdır. Bu addım eyni zamanda gənc və peşəkar kadrların dövlət sektoruna marağını artırmaqla ölkənin insan kapitalının daha səmərəli istifadəsinə şərait yaradacaq", - deyə baş redaktor əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31