Tarixi irsin qorunması və gələcək nəsillərə çatdırılması vacibdir- ÖZƏL

"Dövlətin potensialı yalnız sosial-iqtisadi göstəricilərlə ölçülmür. Xalqın milli yaddaşı, mədəni irsi, adət-ənənələri və mənəvi dayaqları da mühüm əhəmiyyət kəsb edən məsələlər kimi ön plandadır. Bu amillər müasir dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət mərkəzində saxlanılır". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi ardıcıl strateji xətt kimi həyata keçirilir. Dövlətimizin başçısının 7 may 2021-ci il tarixli Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və həmin sənəddə şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, dolğun mədəni həyata qovuşmasının vurğulanması bu yanaşmanın bariz nümunəsidir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri milli-mədəni irsə göstərilən diqqətin bariz nümunəsidir. Şuşada "Xarıbülbül" festivalının və Vaqif Poeziya Günlərinin bərpası, şəhərin ardıcıl olaraq Türk və İslam dünyasının mədəniyyət paytaxtı kimi önə çıxması bu sahədə həyata keçirilən dövlət siyasətinin güclü siyasi iradə ilə dəstəkləndiyini aydın şəkildə nümayiş etdirir. Tarixi və mədəni abidələrin bərpası, dini məkanların yenidən qurulması və milli irsin qorunması istiqamətində görülən işlər qədim mədəniyyət ənənələrinin yaşadılmasına mühüm töhfə verir.

Eyni zamanda, Şuşada keçirilən beynəlxalq mədəni tədbirlər şəhərin qlobal mədəniyyət məkanında mövqeyini daha da möhkəmləndirir. Bu tədbirlər Türk və İslam dünyası ilə mədəni əlaqələrin genişlənməsinə və ortaq dəyərlərin təbliğinə xidmət edir. Azad edilmiş ərazilərdə aparılan bərpa işləri yalnız infrastrukturun yenilənməsi ilə məhdudlaşmır, həm də milli-mənəvi dəyərlərin dirçəldilməsini təmin edir. Bütün bunlar tarixi irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən uğurlu dövlət siyasətinin mühüm nəticələrini nümayiş etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31