Latviyada azərbaycanlının adı keçən cinayət İŞİ - Rusiyaya GİZLİ şəkildə...
12:55 SosialLatviyada mərkəzində azərbaycanlı tələbə Əli Xəlilovun olduğu səs-küylü və son dərəcə qalmaqallı cinayət işi araşdırılır.
Musavat.com xəbər verir ki, ölkənin ictimai yayım qurumu olan Latvian Public Media (LSM) və digər yerli mənbələrin məlumatına görə, o, Rusiyaya hərbi təyinatlı avadanlıqların ötürülməsi və sanksiyalardan yayınma sxemində əsas fiqurant kimi ittiham olunur.
Latviya mediasında yer alan məlumatlara əsasən, Əli Xəlilov "Starlink" peyk internet sistemi cihazlarının Rusiyaya çatdırılmasını təşkil etməkdə şübhəli bilinir. İstintaq iddia edir ki, o, bu məqsədlə saxta elektron poçt ünvanlarından və əvvəlcədən ödənişli SİM kartlardan istifadə edib. Ümumilikdə 60-dan çox cihazın sifariş edilərək müxtəlif yollarla Rusiyaya ötürüldüyü bildirilir. Avadanlıqların bir hissəsinin Ukraynanın işğal altında olan Luqansk bölgəsinə göndərilməsinin planlaşdırıldığı qeyd olunur. Latviya televiziyasının "De Facto" proqramı isə bildirir ki, söhbət yalnız internet avadanlıqlarından getmir. Sxem çərçivəsində optik nişangahlar, hərbi çantalar, hava ölçmə cihazları və digər xüsusi təyinatlı vasitələrin də sifariş edildiyi vurğulanır. Ölkə prokurorluğunun məlumatına görə, bu iş Latviya ilə yanaşı, Almaniya və Rusiyada fəaliyyət göstərən daha geniş şəbəkəni əhatə edir. Əli Xəlilovun bu sxemdə əsas təşkilatçılardan biri olduğu iddia olunur. İş üzrə daha bir neçə şəxs - Latviya vətəndaşları da daxil olmaqla - istintaqa cəlb edilib.
Prokuror Roberts Urdzinş bildirib ki, bu fəaliyyət Latviya, Almaniya və Rusiyada fəaliyyət göstərən geniş şəbəkə ilə əlaqəli olub və daşınan malların hərbi məqsədlər üçün istifadəsi xüsusilə təhlükəli sayılır. Bəzi mənbələrdə Əli Xəlilovun 11 il müddətinə azadlıqdan məhrum edildiyi barədə məlumatlar yayılsa da, bu hökm hələlik Latvian Public Media (LSM) kimi əsas və rəsmi Latviya mediasında açıq şəkildə təsdiqlənməyib.
"Starlink işi" Ukrayna müharibəsi fonunda sanksiyalardan yayınma və hərbi texnologiyaların qeyri-qanuni dövriyyəsi ilə bağlı Avropada aparılan sərt hüquqi tədbirlərin növbəti nümunəsi kimi qiymətləndirilir.