Mümkün sui-istifadə hallarının qarşısı alınacaq- ÖZƏL

Dövlət qulluğunda sabit maaş sistemi tətbiq olunacaq

Müvafiq qanunvericilik aktlarında, o cümldən, "Dövlət qulluğu haqqında" qanuna  edilən dəyişikliklər Azərbaycanda dövlət qulluğu sahəsində əməkhaqqı sistemində köklü dəyişikliklərə qərar verildiyini göstərir. Dəyişikliyə əsasən, dövlət qulluğunda mükafat sistemi, dövlət qulluqçusuna staja, hakimiyyət səlahiyyətinə görə, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən, dövlət büdcəsi hesabına ödənilən əlavələr, həmçinin dövlət qulluqçuları üçün müalicə müavinəti ləğv edilir. Dövlət qulluqçularının təminatlarından ləğv edilmiş bu əlavələr onların vəzifə maaşlarının baza hissəsinə daxil edilib. "Olaylar"ın məlumatına görə, Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov qeyd edib ki, hazırda qüvvədə olan "Dövlət qulluğu haqqında" Qanuna əsasən "Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir". Qanuna edilən dəyişiklik qüvvəyə mindikdən sonra müxtəlif əlavələr formasında ödənilən hissələr vəzifə maaşının tərkibinə daxil edilməklə, əməkhaqqının vahid strukturu müəyyən ediləcəkdir: "Məqsəd əməkhaqqının daha sabit və əvvəlcədən proqnozlaşdırıla bilən olması təmin etmək və dövlət qulluqçularının gəlirlərinin daha çox sabit maaş üzərində formalaşmasına zəmin yaratmaqdır. Qənaətimə görə yeni sistem dövlət qulluqçularının maraqlarına cavab verir, həm də mümkün sui-istifadələrin qarşısını alacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31