Dünya aviaşirkətləri Yaxın Şərqdəki vəziyyətə görə biletlərin qiymətini artırır

Dünya aviaşirkətləri Yaxın Şərqdə gərgin vəziyyət fonunda tarifləri yenidən nəzərdən keçirməyə davam edir.

Milli.Az xəbər verir ki, bilet qiymətlərinin artması regionda neft emalı zavodlarına edilən hücumlardan sonra kəskin bahalaşan aviasiya kerosininin qiymətinin yüksəlməsi və neftin Hörmüz boğazı vasitəsilə daşınmasına qoyulan məhdudiyyətlərlə bağlıdır.

Bu hadisələr ABŞ və İsrailin İranla hərbi münaqişəsinin nəticəsi olub, bu da neft qiymətlərinin sürətlə artmasına səbəb olub.

Bəzi aviaşirkətlər artıq tariflərdə konkret dəyişikliklər elan ediblər. Belə ki, AirAsia ötən həftə biletlərin qiymətinin və yanacaq rüsumlarının müvəqqəti artırıldığını bildirib və tariflərin bazar vəziyyətindən asılı olaraq yenidən nəzərdən keçiriləcəyini qeyd edib. Thai Airways biletlərin qiymətinin təxminən 10-15% artacağını gözləyir, Avstraliyanın Qantas şirkəti isə müxtəlif marşrutlar üzrə uçuşların qiymətini artıq artırıb.

Skandinaviya SAS şirkəti "müvəqqəti qiymət düzəlişi" tətbiq edib, Air New Zealand isə ekonom-klass biletlərinin qiymətini artırıb: daxili reyslərdə 10 Yeni Zelandiya dolları (təxminən 5,10 avro), qısa beynəlxalq marşrutlarda 20 dollar (10,20 avro), uzaq məsafəli reyslərdə isə 90 dollar (45,90 avro).

Ümumilikdə, aviasiya kerosininin bahalaşmasına cavab olaraq tarifləri artıran şirkətlər arasında Cathay Pacific, AirAsia və Thai Airways də var və geosiyasi vəziyyətin pisləşməsi və dünya bazarında neftin bahalaşması fonunda bu tendensiya güclənməkdə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31