Görünməyən təhlükə - Elektrik şəbəkəsində kritik yüklənmə

"Çoxmənzilli binalarda və fərdi yaşayış evlərində elektrik şəbəkələrinə şarj cihazlarının kustar üsullarla quraşdırılması yolverilməzdir".

Bunu açıqlamasında təhlükəsizlik eksperti Elmar Nurəliyev deyib.

Onun sözlərinə görə, yalnız şarj cihazlarının deyil, ümumilikdə elektrik şəbəkəsinə qoşulan bütün avadanlıqların quraşdırılması zamanı texniki göstəricilər mütləq nəzərə alınmalıdır:

"Quraşdırılan cihazlar normativ standartlara cavab verməli, eyni zamanda aidiyyəti qurumların rəyi və razılaşdırılması əsasında tətbiq olunmalıdır. Bu işlər yalnız ixtisaslaşmış müəssisələr tərəfindən həyata keçirilməlidir".

Ekspert vurğulayıb ki, istər fərdi yaşayış evlərində, istərsə də çoxmənzilli binalarda şarj qurğularının quraşdırılması zamanı təhlükəsizlik məsələləri prioritet olmalıdır.

E.Nurəliyev nəzərə çatdırıb ki, elektrik şəbəkəsinin normadan artıq yüklənməsi, kənar müdaxilələr, standartlara uyğun olmayan cihazlardan istifadə və kustar üsulla quraşdırma ciddi fəsadlara səbəb ola bilər:

"Belə hallar qızma, qısaqapanma, alışma və yanğın kimi təhlükəli nəticələrə gətirib çıxarır. Bu baxımdan vətəndaşlar bu məsələdə son dərəcə diqqətli olmalıdırlar".

Qeyd edək ki, Xətai rayonu, Xocalı prospekti 29-da yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın baş verib. Bina sakinləri hadisə ilə bağlı danışıblar.

"Hərə evindən bir "şunur" sallandırıb maşınını elektrik cərəyanına qoşur. Bilirsiniz ki, bu cərəyanlar onun üçün nəzərdə tutulmayıb. Bütün elektrik xətləri də gücə düşür. Bu da nəticəsidir", - deyə sakinlərdən biri qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31