Zorakılıq heç vaxt tərbiyə vasitəsi ola bilməz- ÖZƏL


Milli Məclisdə müzakirə olunan "Uşaq hüquqları haqqında" yeni Qanun layihəsi deputatların fikir ayrılığına səbəb olub. Bəzi deputatlar layihədə əksini tapmış uşağın tərbiyəsi məqsədilə zorakılığa  görə valideynin cəzalandırılmasına qarşı çıxıb. "Olaylar"ın məlumatına görə, Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirib ki, qanun layihəsində uşaqlara qarşı cismani cəzanın tətbiqinə görə məsuliyyətin müəyyən edilməsi cəmiyyətimizin gələcəyi ilə birbaşa bağlı olan son dərəcə həssas və önəmli məsələdir: "Uşaq ailənin, dövlətin və cəmiyyətin ən böyük dəyəridir. Biz sağlam, güclü və məsuliyyətli gələcək naminə uşaqların fiziki və psixoloji təhlükəsizliyini tam təmin etməliyik. Təəssüf ki, hələ də bəzi hallarda tərbiyə adı altında zorakılığa yol verilir. Zorakılıq heç vaxt tərbiyə vasitəsi ola bilməz.
Qanun layihəsinin 525-1 maddəsi bu baxımdan mühüm hüquqi baza yaradır. Sözügedən hüquqi müddəa göstərir ki, uşağa qarşı istənilən fiziki və ya psixoloji təzyiq yolverilməzdir və belə hallara yol verən şəxslər hüquqi məsuliyyət daşıyırlar. Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, bu məsuliyyət yalnız valideynlərə deyil, eyni zamanda uşaqlarla işləyən bütün qurumlara şamil olunur. Bu isə uşağın olduğu hər mühitin təhlükəsiz olmasını təmin etməyə yönəlmiş kompleks yanaşmadır. Bu baxımdan maddə 525-1-in qəbulunu və effektiv tətbiqini uşaqlarımızın hüquqlarının qorunması, ailə institutunun möhkəmləndirilməsi və sağlam gələcəyin təmin olunması istiqamətində mühüm addım kimi qiymətləndirirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31