Onilliklərin sirri açıldı – həkim azı 16 uşağın gizli atası imiş

Niderlandda illərdir gizli qalan qalmaqallı fakt üzə çıxıb.

Musavat.com xəbər verir ki, Arnhem şəhərində yerləşən Rijnstate xəstəxanasında aparılan araşdırma nəticəsində 1970-80-ci illərdə çalışan ginekoloqun pasiyentləri donor əvəzinə öz sperması ilə mayalandırdığı müəyyən edilib.

Söhbət həkim Şmautsiqerdən gedir. Məlumata görə, o, süni mayalanma prosedurları zamanı planlaşdırılmış donor gəlmədikdə qadınlara xəbər vermədən öz bioloji materialından istifadə edib. Nəticədə azı 16 qadın həmin həkimdən hamilə qalıb.

Pasiyentlər bu barədə illərlə məlumatsız olublar. Həkim sənədlərdə özünü ata kimi göstərməyib, əvəzində "anonim mayalanma" qeydi aparıb. Bu səbəbdən nə ailələr, nə də klinika rəhbərliyi uzun müddət baş verənlərdən xəbər tutmayıb.

Sonradan üzə çıxan daha ciddi məqam isə həkimin irsi xəstəliyin daşıyıcısı olmasıdır. Bu isə onun bioloji uşaqlarına sağlamlıq baxımından risk ötürmüş ola bilər.

Xəstəxana həmin dövrdə bu klinikada süni mayalanma prosedurundan keçən şəxsləri DNT testi verməyə çağırıb. Hadisə ölkədə reproduktiv tibb sahəsində etik qaydaların pozulması ilə bağlı ciddi müzakirələrə səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31