Mediasiya Şurası Bakı Biiznes Universiteti tələbələri üçün seminar keçirib
12:03 Sosial16 mart 2026-cı il tarixində Mediasiya Şurasının təşkilatçılığı ilə Bakı 28 saylı mediasiya təşkilatı tərəfindən Bakı Biznes Universiteti tələbələri üçün "Mediasiyanın münaqişələrin həllində rolu və universitetlərdə tətbiq dairəsi" mövzusunda maarifləndirici seminar təşkil olunub. "Olaylar" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin Menecment və marketinq kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Rahim Sadıqov mediasiyanın mübahisələrin məhkəmədənkənar həlli üsulu olduğunu vurğulayıb və "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn mübahisələrin həllində mühüm rol oynadığını bildirib.
Daha sonra Mediasiya Şurasının üzvləri, Bakı 28 saylı mediasiya təşkilatının təsisçisi Cavid Cəfərov, icraçı direktoru Rəna Cəfərova və təlimçi mediator Səidə Nağıyeva çıxış edərək, mediasiya institutunun yaranma tarixi, mübahisələrin alternativ həlli üsulu kimi mediasiyanın üstünlüklərini diqqətə çatdırıblar. Həmçinin beynəlxalq müstəvidə dünyanın en reytinqli universitetlərində mediasiya sahəsinin tədrisi metodlarına nəzər yetirərək, müqayisəli təhlil aparılıb. Sonda iştirakçıların sualları cavablandırılıb.