Yüzlərlə həkim işlə təmin olunmaqda problem yaşayır - Azər Badamov
12:57 Sosial"Bənövşə gölü" su anbarı doldurulandan sonra Qusar şəhəri ətrafındakı 7 kəndin 11 min sakininin su təminatı həyata keçirilməlidir. "Olaylar" xəbər verir ki, bunu deputat Azər Badamov parlamentdə Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, hazırda "Bənövşə gölü" su anbarının yenidən qurulması və bərpası işləri sürətlə aparılır: "Amma su anbarı doldurulandan sonra Qusar şəhəri ətrafındakı 7 kəndin 11 min sakininin su təminatı həyata keçirilməlidir. Layihəni vaxtında başa çatdırıb sakinləri su ilə təmin etmək üçün su anbarından həmin kəndlərə xətlərin çəkilməsinin də plana salınması vacibdir".
Bundan başqa, deputat vurğulayıb ki, qonşu ölkələrdən Azərbaycana gələn və burada səhiyyə sahəsində işləmək arzusunda olan yüzlərlə həkim işlə təmin olunmaqda problem yaşayır: "Bunun səbəbi ixtisas diplomlarının tanınması üçün Səhiyyə Nazirliyinə təqdim ediləndə klinik ordinatura pilləsinin bizim təhsil sistemimizlə uyğun gəlmədiyinin bildirilməsidir. Təklif edirəm ki, həmin həkimlərin peşə ixtisasına yiyələnmə səviyyəsi imtahanla yoxlanılaraq onların diplomları tanınsın. Yəni 8 il təhsil almış həkimə işləmək üçün yenidən 5 il oxumaq tələbi qoyulmasın".