Ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılıb- Deputat

"2025-ci il Azərbaycan üçün uğurlu bir il olub. Əlbəttə ki, əldə edilən bütün bu uğurların mərkəzində Prezident cənab İlham Əliyev dayanır. O, siyasi iradəsi, qətiyyətli mövqeyi, diplomatik çevikliyi və əzmkarlığı sayəsində yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın taleyini və inkişaf perspektivini dəyişdi. Dövlət başçımız ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməklə yanaşı, Cənubi Qafqazda sülhün memarı, ədalətin təminatçısı və gələcəyin qurucusu olaraq müdrik lider adını tarixə qızıl hərflərlə yazdı". "Olaylar"  xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vasif Qafarov hökumətin ötən ilki hesabatına münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar və həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadi və sosial proqramlar icra edilib, iqtisadi artım təmin edilib və strateji valyuta ehtiyatları artıb: "2025-ci ildə ölkədə 129,1 mlrd. manat məbləğində ÜDM istehsal olunub. Orta illik inflyasiya 5,6 % olub. Ölkənin strateji valyuta ehtiyatları 2025-ci ildə 19,8 % artaraq 85,1 mlrd. ABŞ dollarını ötüb. Mərkəzi Bankın valyuta ehtiyatları 11,5 mlrd. ABŞ dolları təşkil edib. Ölkənin strateji valyuta ehtiyatları xarici borcu 17 dəfədən çox üstələyib. Əhalinin gəlirləri, pensiyalar artıb, rifah səviyyəsi yüksəlib. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası istiqamətində böyük işlər görülüb. Bütün bunlar təqdirəlayiqdir. Hökumətin fəaliyyəti uğurlu olub.
Burada hökumətin hesabatı haqqında səslənən bütün müsbət fikirlərlə həmrəy olduğumu bildirirəm və təmsil etdiyim Lerik və Astara rayonlarında vətəndaşlar tərəfindən qaldırılan bir neçə məsələni diqqətinizə çatdırmaq istəyirəm.

Bildiyiniz kimi, Lerik və Astara rayonlarının böyük turizm potensialı var və bu potensial əsas etibarilə bu rayonların meşə fondu ərazilərində yerləşir. Hazırda meşə fondu ərazilərində yeni sahibkarlıq subyektlərinin fəaliyyətinə lisenziyaların verilməsi dayandırılıb. Bu da bölgədə yeni turizm obyektlərinin açılmasının qarşısını alır və bölgənin böyük turizm potensialının reallaşmasına imkan vermir. İndiyədək bu bölgədə fəaliyyət göstərən turizm obyektləri əhalinin məşğulluğunun təmin edilməsinə və ölkə iqtisadiyyatına mühüm töhfələr verib. Bunu nəzəzə almağınızı və bölgədə turizm sahəsinə yeni investisiyaların cəlb edilməsi üçün meşə fondu ərazilərində yeni sahibkarlıq subyektlərinin fəaliyyətinə lisenziyaların verilməsini təmin etməyi xahiş edirəm".

Deputat qeyd edib ki, 1996-cı ildə həyata keçirilən Aqrar İslahat zamanı Astara rayonunun Pensər, Siyaku, Kakalos və Suparibağ ərazi inzibati dairələri üzrə 412 hektar ərazi 4954 ailə arasında bölüşdürülüb: "Hər bir ailəyə 1-5 sot, bəzi hallarda 10 sota qədər torpaq sahəsi düşüb. Ən problemli məsələlərdən biri də odur ki, 1-5 sot torpaq alan ailəyə bu torpaq elə bir şəkildə kəsilib verilib ki, bu torpağı istifadə etmək faktiki olaraq qeyri-mümkündür. 30-50 sm və ya 1 metr enində və 100-150-200 metr uzunluğunda velosiped zolaqları şəklində verilən bu torpaq sahələrindən kəndli faktiki olaraq istifadə edə bilmir. Bu, mümkün də deyil. Bu torpaqların hansısa bir sahibkar tərəfindən satın alınması da mümkün olmayıb. Nəticədə 30 ildir ki, bu torpaqlar istifadəsiz qalıb.

Yaxşı olardı ki, bu torpaqların səmərəli istifadə olunması və əkin dövriyyəsinə qaytarılmasından ötrü onlar dövlət tərəfindən kompensasiya ödənilməklə torpaq sahiblərindən alınaraq dövlət mülkiyyətinə qaytarılsın və sahibkarlara icarəyə verilsin. Bu addımla 30 ildir istifadəsiz qalan həmin torpaqlar əkin dövriyyəsinə qaytarıla bilər və ölkəyə fayda təmin edilə bilər".

Vasif Qafarov bildirib ki, Lerik rayonunda mövcud olan 3 Ailə Sağlamlıq Mərkəzi, 39 tibb məntəqəsi və 22 həkim məntəqəsindən cəmi 2-si yeni tikilən binalardır: "Digərləri isə demək olar ki, hamısı istismar müddətləri başa çatmış binalardır və qəzalı vəziyyətdədirlər. Astara rayonunun Kakalos kənd tibb məntəqəsi də eyni vəziyyətdədir. Həmçinin, Lerik rayonunda nəinki idman kompleksi, ümumiyyətlə hansısa bir idman mərkəzinin olmaması, Lerik şəhər stadionunun da istifadəyə yararsız halda olması qəbullarda vətəndaşlar tərəfindən mütəmadi olaraq qaldırılan məsələlər sırasında yer alır. Növbəti illərin investisiya proqramlarında bu məsələlərin diqqətdə saxlanılmasını xahiş edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31