Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-də səfərdə olan əməkdaşları Corc Vaşinqton və Corc Meyson Universitetlərində fəaliyyət göstərən Azərbaycanlı Tələbə Təşkilatlarının rəhbərləri ilə görüşüb.
Olaylar.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova gənclərə komitənin uzunmüddətli layihələri, soydaşlarımızla qurulan möhkəm əlaqələr barədə məlumat verib, müasir dövrdə miqrasiya prosesləri, diasporun məskunlaşma arealı və inkişaf tendensiyaları haqqında danışıb.
Bildirilib ki, komitənin gənclərlə bağlı layihələri, xüsusilə Diaspor Gənclərinin Yay Düşərgələri, ixtisaslaşmış forumlar, "Diaspor Gəncləri 1+1" proqramı xaricdəki azərbaycanlı, eyni zamanda ölkəmizə dost münasibəti bəsləyən xalqların gənclərini vahid platformalarda birləşdirir və böyük maraqla qarşılanır.
Görüşdə komitənin xaricdə yaşayan gənclərin təşəbbüslərinə daim açıq olduğu, ABŞ-dəki soydaşlarımızın yaratdığı 10-dan artıq gənclər və tələbə təşkilatı ilə sıx əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.
Tələbələr komitə əməkdaşlarına təhsilləri, təhsil ocaqlarının ictimai həyatında iştirakları, eləcə də diaspor mühitindəki təcrübələri barədə ətraflı məlumat veriblər.
Diaspor Gənclərinin Yay Düşərgəsinin iştirakçısı, Corc Vaşinqton Universitetinin Tələbə Assosiasiyasının rəhbəri Humay Sadiq düşərgənin ona geniş coğrafiyanı təmsil edən gənclərimizlə tanış olmaq, fikir mübadiləsi aparmaq, əlaqələr qurmaq imkanı verdiyini dilə gətirib.
Corc Meyson Universitetinin Azərbaycanlı Tələbələr Təşkilatının rəhbəri İlyas Vəliyev isə Amerika-Azərbaycan Gənclərinin II Forumunda iştirakından, ABŞ-nin müxtəlif ştat və universitetlərindən olan, böyük təhsil nailiyyətləri qazanan gənclərimizlə tanış olmasından danışıb. Gənc soydaşımız forum sayəsində qazandığı əlaqələrin onun üçün diaspor fəaliyyətində yeni imkanlar yaratdığını və dəyərli təcrübə olduğunu bildirib.
Tədbirdə, həmçinin Amerika Azərbaycan Təşkilatları Alyansının icraçı direktoru Nigar İbrahimova, ABŞ-də səfərdə olan Kanada Azərbaycan Evinin rəhbəri Lalin Həsənova diaspor fəaliyyətində qazandıqları zəngin təcrübəni gənc liderlərlə bölüşüblər.
Fikir mübadiləsi zamanı azərbaycanlı tələbə və gənclərin təsis etdikləri təşkilatların təkcə ABŞ-də deyil, digər bir sıra xarici ölkələrdə təhsil alan gənc soydaşlarımız arasında da informasiya mübadiləsinin gücləndirilməsinə töhfələr verdiyi bildirilib. Bununla yanaşı, tələbə-gənclər təşkilatlarının ölkəmizin zəngin tarixi, mədəniyyəti və milli-mənəvi dəyərlərinin, multikultural ənənələrinin beynəlxalq mühitdə tanıdılması üçün müxtəlif xarakterli maarifləndirmə tədbirləri həyata keçirdikləri təqdir olunub.
Görüş müasir rəqəmsallaşma dövrünün çağırış və təşəbbüsləri, yeni nəsil diasporun inkişaf perspektivləri barədə fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

