Bakıda saxlanılan İqbol Soliyev Özbəkstanda həbsdə yatıb – TƏFƏRRÜAT

Bakıda "əl enerjisi" ilə xəstələri müalicə etdiyini iddia edən özbəkistanlı İqbol Soliyev ətrafında qalmaqal böyüməkdədir. Onun Bakıda fəaliyyət göstərməsi və qəbul keçirməsi hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə nəticələnib.

Musavat.com xəbər verir ki, İqbol Soliyev Bakıdakı Bİ ES VİP Estetik Klinikasında qəbul təşkil etmək istəyib. Onun "bioenerji ilə müalicə" seanslarına maraq böyük olduğundan klinikanın qarşısında çoxsaylı insan toplaşıb. Yaranmış kütləvi izdiham və göstərilən xidmətlərin qanuniliyi ilə bağlı şübhələr səbəbindən polis müdaxilə edib. Məlumata görə, hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır.

Hadisədən sonra sosial şəbəkələrdə və bəzi mediada İqbol Soliyevin Azərbaycanda olduğu müddətdə müğənni Elçin Hüseynovun evində qonaq olması barədə məlumatlar yayılıb. Müğənninin köməkçisi Zəminə Rüstəmova məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verərək bildirib ki, İqbol Soliyev sənətçinin öz evində deyil, onun dostunun evində qonaq olub.

Onun sözlərinə görə, İqbal Soliyevlə əlaqə müğənninin anasının səhhəti ilə bağlı yaranıb:

"Onun Azərbaycanda olması və şəfa verməsi ilə bağlı məlumat yayılmışdı. Elçin müəllimin anasının yerimə məhdudiyyəti var. Çox həkimlər müayinə edib, amma nəticəsi olmayıb. Anasının ayağa qalxması üçün bir övlad olaraq əlindən gələni edir. Buna görə də anasını aparıb. İqbol Soliyev isə deyib ki, bir neçə dəfə gətirmək lazımdır. Sonra aparmadılar".

Zəminə Rüstəmova bildirib ki, müğənninin anasını hərəkət məhdudiyyəti səbəbindən tez-tez aparmaq çətindir və sonradan qadın özü də belə müalicəni davam etdirmək istəməyib. O, əlavə edib ki, hazırda müğənninin anası alternativ tiblə məşğul olan digər mütəxəssislərin nəzarətindədir.

Musavat.com-un araşdırmaları zamanı üzə çıxıb ki, İqbol Soliyev vətəni Özbəkistanda da hüquq-mühafizə orqanlarının diqqətində olub. Onun Özbəkistan ərazisində fəaliyyəti zamanı dəfələrlə inzibati məsuliyyətə cəlb edildiyi bildirilir. Sosial şəbəkələrdə yayılan reklam videolarından sonra İqbol Soliyevin müvafiq lisenziyası olmadan tibbi xidmət göstərdiyi müəyyən edilib. Kokand şəhər Daxili İşlər İdarəsinin məlumatına görə, ona Özbəkistan Xalq Təbabəti Assosiasiyası tərəfindən verilmiş sənədlərin qüvvədə olma müddəti 21 dekabr 2024-cü ildə başa çatıb. Buna baxmayaraq, o fəaliyyətini davam etdirib. Bu ilin əvvəlində icazəsiz xidmət göstərdiyinə görə cərimələnən İqbol Soliyev sonradan yenidən inzibati məsuliyyətə cəlb olunub. 2025-ci ilin noyabr ayında onun barəsində növbəti inzibati material tərtib edilərək məhkəməyə göndərilib və dekabrın 17-də məhkəmə tərəfindən 10 sutka inzibati həbs cəzası verilib.

Hazırda Bakıda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31