Xüsusi icra məmurları haqqında qanunvericiliyin pozulmasına görə cərimə tətbiq ediləcək
13:47 SosialXüsusi icra məmurları haqqında qanunvericiliyin pozulmasına görə cərimə tətbiq ediləcək.
Trend-in məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfrans formatında birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, "Xüsusi icra məmurları haqqında" Qanuna uyğun olaraq and içməyən və barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilməyən şəxs tərəfindən xüsusi icra məməmuru fəaliyyətinin göstərilməsinə görə 1 500 manat məbləğində cərimə ediləcək.
Xüsusi icra məmurunun vahid geyim formasını və (və ya) xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş geyim forması və xüsusi nişan müsadirə edilməklə 500 manatdan 700 manatadək məbləğdə cərimə ediləcək.
Xüsusi icra məmurları tərəfindən Xüsusi İcra Məmurlarının Reyestrində olan məlumatlarda baş vermiş dəyişikliklər haqqında 3 iş günü müddətində reyestri aparan orqana məlumat verilməməsinə görə 500 manat məbləğində cərimə ediləcək.
Barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilmədən xüsusi icra məmurunun köməkçisi kimi fəaliyyətə başlamasına görə xəbərdarlıq ediləcək və ya 500 manat məbləğində cərimə ediləcək.
Xüsusi icra məmurunun köməkçisinin müstəqil olaraq xüsusi icra məmurunun fəaliyyəti ilə məşğul olmasına, icra hərəkətlərini həyata keçirməsinə görə 1 500 manat məbləğində cərimə ediləcək. Bu əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
İcra sənədlərinin icrası ilə bağlı xüsusi icra məmurunun qanuni fəaliyyətinə müdaxilə edilməsinə görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 800 manatdan 1 200 manatadək məbləğdə cərimə ediləcək. Bu əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Xüsusi icra məmurları tərəfindən dövlət və digər informasiya ehtiyatları və sistemlərindən icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar zəruri olmayan məlumatların əldə edilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək.