Ankarada çıxan “Yüce Erek” dərgisinin yeni sayında Əkbər Qoşalının məqaləsi dərc edilib
10:39 SosialQardaş Türkiyənin paytaxtı Ankarada yayımlanan, Türk dünyası yönümlü fikir və mədəniyyət dərgilərindən olan "Yüce Erek"in yeni sayında şair-publisist Əkbər Qoşalının irihəcimli məqaləsi dərc olunub.
Ortaq türk mədəni irsi, kimlik məsələləri və sivilizasiya perspektivlərinin fəlsəfi-kulturoloji müstəvidə incələndiyi bu yazıda türk xalqları arasında düşüncə və fikir körpülərinin gücləndirilməsi baxımından önəmli yanaşmalar vardır. Məqalədə qədim dönəmlərdən çağdaş zamana qədər türk mədəniyyətinin inkişaf mərhələləri, qarşılaşdığı çağırışlar və qazandığı mənəvi-mədəni təcrübələrə toxunulur.
Ankarada nəşr olunan, Türk dünyasının müxtəlif ölkə və topluluqlarından alim, yazar və araşdırmaçıların yazılarını bir araya gətirən "Yüce Erek" dərgisi son illərdə ortaq türk düşüncə məkanının formalaşmasına töhfə verən platformlardan biri kimi tanınır. Ötən ildən etibarən nəşrini yenidən davam etdirən 26 yaşlı dərginin hər sayında Azərbaycanla bağlı yazılar verilməsi, eləcə də azərbaycanlı yazarın məqaləsinin dərc edilməsi Türkiyə-Azərbaycan ədəbi və intellektual əməkdaşlığının daha bir təzahürü kimi qiymətləndirilə bilər.
Dərginin yeni sayında dərc olunan "Türk Kültürünün Kadim Seyri: Zamanda Kimlik, Kimlikte Zaman" ("Türk mədəniyyətinin qədim inkişaf yolu: zamanda kimlik, kimlikdə zaman") adlı yazı da bu baxımdan diqqət çəkir.
Əkbər Qoşalı uzun illərdir Türk dünyasının mədəni və ədəbi bağlarının inkişafı yönündə aktiv fəaliyyəti ilə tanınır. Onun publisistik və kulturoloji məqalələri müxtəlif ölkələrdə nəşr olunan dərgi və toplularda yayınlanır və əsasən türk xalqlarının ortaq kimlik, mədəni yaddaşı məsələlərinə həsr olunur.
Bu cür nəşrlərdə davamlı çıxışlar Azərbaycan düşüncə məktəbinin beynəlxalq intellektual mühitdə tanıdılması baxımından önəmli olub, Türk dünyasının ortaq mədəni platformunun güclənməsinə xidmət edir