Körpələrdə pnevmoniya hansı formalarda müşahidə olunur?- ÖZƏL
14:21 Sosial"Yenidoğulmuşlarda pnevmoniya yaranma vaxtına görə iki əsas formada müşahidə olunur: erkən və gec başlayan. Erkən başlayan pnevmoniya adətən həyatın ilk 72 saatında, yəni doğuşdan dərhal sonra üzə çıxır. Bu forma çox vaxt anadan körpəyə keçən infeksiya nəticəsində inkişaf edir. Mikroblar doğuşdan əvvəl və ya doğuş müddətində yaranan komplikasiyalar zamanı körpənin orqanizminə daxil ola bilər". "Olaylar" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun neonatoloqu Sevinc Yusubova deyib: "Erkən başlayan pnevmoniya çox vaxt sepsis fonunda inkişaf edir və körpənin vəziyyəti sürətlə ağırlaşa bilər. Bu mərhələdə körpədə tənəffüs pozğunluqları, oksigen çatışmazlığı və ümumi zəiflik müşahidə olunur. Həkimlərin tez müdaxiləsi və ilkin antibiotik müalicəsi çox vacibdir, çünki gecikmə həyati riskləri artırır. Gec başlayan pnevmoniya isə həyatın üçüncü günündən sonra meydana çıxır və əsasən xəstəxana şəraitində uzunmüddətli müalicə alan körpələrdə görülür. Bu formaya invaziv prosedurlar, süni tənəffüs aparatına qoşulma, kateter və ya digər xəstəxana cihazlarının istifadəsi səbəb ola bilər. Gec başlayan pnevmoniya adətən daha uzun və mürəkkəb müalicə tələb edir. Prematür körpələr və immun sistemi zəif olan uşaqlar həm erkən, həm də gec başlayan pnevmoniya üçün yüksək risk qrupuna daxildir. Bu səbəbdən neonatal intensiv terapiya şöbəsində xəstələrin daim nəzarətdə saxlanması vacibdir. Erkən və gec başlayan pnevmoniyaların simptomları oxşar olsa da, yaranma səbəbi və müalicə strategiyası fərqlidir. Valideynlər və tibb işçiləri üçün mühüm göstəricilər arasında sürətli nəfəs alma, tənəffüs əlamətləri və qidalanma pozğunluğu ilk sıralardadır. Hər bir respirator və ümumi vəziyyət dəyişməsi ciddi qiymətləndirilməli və müalicəyə dərhal başlanmalıdır".