Bu gün hansı çərşənbədir: Yel, yoxsa torpaq?
15:04 SosialNovruzun üçüncü çərşənbəsi bəzi bölgələrdə Yel, bəzilərində isə Torpaq çərşənbəsi kimi qeyd olunur. Çərşənbələrin adlandırılması ilə bağlı müxtəlif fikirlər mövcuddur.
Folklorşünas Aynur Qəzənfərqızı mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, hazırda çərşənbələrin ünsürlərlə adlandırılması zamanı müəyyən uyğunsuzluqlar diqqət çəkir. Onun sözlərinə görə, bu gün qəbul edilən sıralamada əvvəl Su, sonra Od, Yel və Torpaq çərşənbələri göstərilir ki, bu da bir çox tədqiqatçılara görə məntiqli sayılmır:
"Əslində isə əvvəlcə Günəş, yəni od oyanmalıdır. Daha sonra od buzu əritdiyi üçün Su çərşənbəsi gəlməlidir. Üçüncü mərhələdə isə su torpağın üzərindən axaraq onu yumşaldır və bununla da Torpaq oyanır. Dördüncü çərşənbədə isə havanın isinməsi ilə isti küləklər əsməyə başlayır. Bu baxımdan məntiqlə sonuncu çərşənbə Yel, yəni Külək çərşənbəsi olmalıdır".
Bəzi yerlərdə bu gün "ölü çərşənbə" kimi də tanınır
Folklorşünas bildirib ki, bu gün qeyd olunan çərşənbə bəzi bölgələrdə Torpaq çərşənbəsi deyil, Yel çərşənbəsi kimi qeyd edilir:
"Yel çərşənbəsi küləyin oyanmasını, təbiətin hərəkətə gəlməsini ifadə edir. O, baharın yaxınlaşmasının xəbərçisi, həyatın yenilənməsinin simvolu sayılır. Adətən ev təmizliyi də məhz bu həftədə aparılır ki, insanlar ilaxır çərşənbəyə təmiz və pak şəkildə daxil olsunlar. Xalq inanclarında Yel çərşənbəsi yenilənmə, hərəkət və dəyişiklik rəmzi kimi qəbul edilir.
Qeyd etdiyimiz kimi, bəzi bölgələrimizdə bu çərşənbə Torpaq çərşənbəsi kimi qeyd olunur. El arasında ona bəzən "ölü çərşənbə" də deyilir. Həmin gün insanlar qəbiristanlıqlara gedir, məzarları ziyarət edir, qəbirlərin üzərinə xonça qoyurlar. Axşamüstü, şər qarışanda isə şam və çıraq yandırırlar.
Ənənələrə görə ilk iki çərşənbə əsasən həyət-bacaya su çiləməklə qeyd olunurdusa, üçüncü çərşənbədə dünyasını dəyişmiş yaxınların adına ehsan qazanı asılması kimi adətlər də yerinə yetirilir".
Folklorun rəngarəngliyi çərşənbə ənənələrində də özünü göstərir
Aynur Qəzənfərqızı folklorumuzun rəngarəngliyinə də diqqət çəkib:
"Ümumiyyətlə, folklor öz rəngarəngliyi ilə gözəldir. Çərşənbələrin hansı bölgədə necə qeyd olunmasının ciddi fərqi yoxdur. Onu mütləq vahid bir sistemə salmağa çalışmaq da doğru yanaşma sayılmır. Hər bölgənin özünəməxsus ənənələri yaşamalıdır.
Kütləvi informasiya vasitələrinə, mediaya də bir çağırış etmək istərdim: İnsanların inanclarına həssas yanaşaq. Televiziya və radio proqramlarında yalnız "Yel çərşənbəniz mübarək" deməklə kifayətlənməyək, həm də "Torpaq çərşənbəniz mübarək" ifadəsini işlədək. Düşünürəm ki, ən doğru yanaşma budur. Xalqın inanclarına hörmətlə yanaşmaq hər birimiz üçün vacibdir".
Çərşənbəniz mübarək!