Cəmiyyətin İnkişafının Aparıcı Qüvvəsi

Zəriflik və gözəllik rəmzi hesab olunan qadın adı Azərbaycan cəmiyyətində hər zaman böyük hörmət və ehtiramla qarşılanmışdır. Ana adı isə xalqımız üçün ən müqəddəs anlayışlardan biri hesab edilir. Azərbaycan qadını əsrlər boyu öz müdrikliyi, sədaqəti və mənəvi gücü ilə ailənin və cəmiyyətin dayağı olmuşdur. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsində qadınların rolu danılmazdır. Onlar yalnız ailənin qayğıkeş üzvü kimi deyil, həm də xalqın mədəniyyətini, adət-ənənələrini yaşadan və inkişaf etdirən əsas qüvvələrdən biri kimi çıxış etmişlər.

Tarix boyu Azərbaycan qadını cəmiyyətimizin inkişafında mühüm xidmətlər göstərmişdir. Onlar zəhmətkeşliyi, biliyi və fədakarlığı ilə ölkənin tərəqqisinə töhfə vermiş, müxtəlif sahələrdə uğurlar qazanmışlar. Qadınların bu fəallığı təkcə ailə həyatı ilə məhdudlaşmamış, ictimai və sosial həyatın müxtəlif sahələrini də əhatə etmişdir. Müasir dövrdə isə qadınların cəmiyyətin bütün sahələrində aktiv fəaliyyəti daha da genişlənmiş, onların imkanları və rolu əhəmiyyətli dərəcədə artmışdır.

Azərbaycan tarixində qadınların qəhrəmanlığı və müdrikliyi ilə bağlı çoxsaylı nümunələr mövcuddur. Qədim dövrlərdə yaşamış Tomris kimi igid qadınlar öz cəsarəti ilə tarixdə silinməz iz qoymuş, Sara xatun kimi dövlət xadimləri isə diplomatik bacarıqları ilə ölkənin siyasi həyatında mühüm rol oynamışlar. Bu nümunələr Azərbaycan qadınının yalnız ailə daxilində deyil, dövlət və cəmiyyət həyatında da mühüm mövqeyə malik olduğunu göstərir. Bu ənənə bu gün də davam edir və Azərbaycan qadınları ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Azərbaycan qadınının cəmiyyətdəki roluna böyük qiymət verən Ümummilli Lider Heydər Əliyev ölkədə qadın siyasətinin əsasını qoyaraq qadınların ictimai həyatda fəallığının artırılmasına xüsusi diqqət yetirmişdir. Onun rəhbərliyi dövründə qadınların hüquqlarının qorunması, onların dövlət idarəçiliyində və ictimai həyatda iştirakının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu siyasət nəticəsində qadınların cəmiyyətin müxtəlif sahələrində öz potensiallarını reallaşdırmaları üçün geniş imkanlar yaradılmışdır.

Müstəqillik illərində ölkəmizdə qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə qəbul edilən qanunlar və həyata keçirilən dövlət proqramları qadınların ictimai və siyasi həyatda fəallığının daha da artmasına səbəb olmuşdur. Bu siyasətin nəticəsi olaraq qadınlar dövlət idarəçiliyində, parlamentdə, bələdiyyələrdə və digər ictimai strukturlarda geniş şəkildə təmsil olunmağa başlamışdır.

Bu gün Azərbaycan qadınları parlamentdə deputat kimi, dövlət qurumlarında məsul vəzifələrdə, eləcə də müxtəlif ictimai təşkilatlarda uğurla fəaliyyət göstərirlər. Onlar yalnız siyasətdə deyil, elm, təhsil, səhiyyə, biznes və mədəniyyət sahələrində də mühüm nailiyyətlər əldə edirlər. Bununla yanaşı, qadınlar müxtəlif sosial layihələrdə, xeyriyyə təşəbbüslərində və humanitar fəaliyyətlərdə iştirak edərək cəmiyyətin rifahının yüksəldilməsinə töhfə verirlər. Bu fəaliyyətlər qadınların cəmiyyətin inkişafında nə qədər mühüm rol oynadığını bir daha təsdiq edir.

Təvəkkül Əliyev

"Əməkdar müəllim", YAP Şuşa rayon təşkilatının sədri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31