Alim olmaq yalnız oxumaq deyil, davranış məsuliyyətidir- ÖZƏL

"Cəmiyyətdə tez-tez belə bir fikir səslənir: "Nə qədər oxursan oxu, alimə yaraşan şəkildə davranmırsansa, demək ki, hələ də cahilsən." Bu fikir əslində elmin və alimlik statusunun mahiyyətini çox dəqiq ifadə edir. Çünki elm yalnız bilik toplamaq deyil, həm də yüksək mənəvi və intellektual mədəniyyət formasıdır". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı alim, professor Zahid Məmmədov deyib: "Tarix boyu həqiqi alimlər yalnız yazdıqları əsərlərlə deyil, həm də davranışları, cəmiyyətə münasibətləri və etik prinsiplərə sadiqliyi ilə seçiliblər. Alim insanın sözündə, ünsiyyətində, polemika aparma tərzində, başqasının fikrinə münasibətində bir ölçü, bir mədəniyyət hiss olunmalıdır. Əgər yüksək elmi dərəcə daşıyan bir şəxs aqressiya, yaltaq, təkəbbür və ya qeyri-etik davranış nümayiş etdirirsə, bu artıq onun elmi səviyyəsindən çox, daxili mədəniyyətinin səviyyəsini göstərir.
Elm insanı yalnız məlumatlı etmir, onu həm də daha məsuliyyətli və təmkinli edir. Çünki alim cəmiyyət üçün bir nümunədir. Universitet auditoriyalarında minlərlə gənc yalnız müəllimin biliklərini deyil, onun davranışını, üslubunu və dünyagörüşünü də mənimsəyir. Bu səbəbdən alimlik statusu sadəcə diplom və ya elmi ad deyil, həm də ictimai məsuliyyətdir.
Bəzən görürük ki, çox kitab oxumuş, yüksək elmi titullara malik insanlar belə sadə etik davranış normalarını pozurlar. Bu isə göstərir ki, savadla ziyalılıq hər zaman eyni məna daşımır. Savad informasiyadır, ziyalılıq isə mədəniyyət və mənəvi yetkinlikdir.
Həqiqi alim odur ki, onun bilikləri davranışında da öz əksini tapsın. Əks halda, kitabların sayı nə qədər çox olsa da, bu, insanı həqiqi mənada alim etmir. Elm insanı böyütməli, onu daha təvazökar, daha ədalətli və daha məsuliyyətli etməlidir.
Məhz buna görə də demək olar ki, alimlik yalnız oxumaq deyil-alim kimi yaşamaq və davranmaq mədəniyyətidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31