2026-cı il martın 5-də WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Təşkilat Komitəsindən verilən məlumata görə, sənədi "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov imzalayıblar.
Memorandumun imzalanmasında əsas məqsəd tədbirin təşkili və keçirilməsi zamanı yaranacaq bərk məişət tullantılarının düzgün idarə olunmasını təmin etməkdir. Bu çərçivədə tərəflər Azərbaycan Respublikasının ətraf mühitin qorunması üzrə dövlət siyasətinə uyğun olaraq davamlı və səmərəli yanaşmaların tətbiqini prioritet kimi müəyyən ediblər.
Əməkdaşlığa əsasən, WUF13 tədbiri çərçivəsində Bakı Olimpiya Stadionu və digər tədbir məkanlarında əmələ gələn bərk məişət tullantıları "Təmiz Şəhər" ASC-nin təsərrüfat sahələrinə təhvil veriləcək. Müasir usullarla zərərsizləşdiriləcək tullantıların təkrar emala yararlı hissəsi emal müəssisələrinə yönləndiriləcək. Əməkdaşlıq çərçivəsində həmçinin bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı ictimai maarifləndirmə təşəbbüsləri, eləcə də birgə pilot layihələr həyata keçiriləcək.
Sözügedən memorandum tədbirin karbon emissiyası izinin azaldılmasına, poliqonlara yönləndirilən tullantı həcminin minimuma endirilməsinə və təkrar emal göstəricilərinin artırılmasına töhfə verməklə yanaşı, Azərbaycanın resurs səmərəliliyinin artırılması, dairəvi iqtisadiyyat modelinin təşviqi və dayanıqlı tədbir idarəetmə təcrübəsinin formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.

