İranın Azərbaycan ərazisinə bu hücumu qeyri-dost addımdır - Deputat

İrana qarşı hərbi əməliyyatlarda öz ərazisini poliqona çevirməyən, İranın Ali rəhbərinin ölümü ilə bağlı başsağlığı verən Azərbaycan bu gün İranın dron zərbələrinə məruz qalır.

Bunu açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.

Onun sözlərinə görə, Türkiyə vurulduğu zaman bu hadisəni şərh edən Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirmişdi ki, "İran özünü itirib, sağa-sola dron atır, özü gedərkən başqalarını da aparmaq istəyir":

"Qonşuluqda müharibənin başlamasının regiona və ölkəmizə mümkün təsirləri əvvəldən aydın idi. Azərbaycanın xarici siyasət prioritetlərindən biri də qonşularla normal münasibətlərin qorunması, qonşu ölkələrdə münaqişələrin olmaması və regionda sabitliyin təmin edilməsidir. İranla münasibətlərimiz də bu günə qədər normal olub", - deputat qeyd edib.

Pərvanə Vəliyeva vurğulayıb ki, Naxçıvana dron zərbəsi qətiyyətlə pislənilməlidir.

"Zərbələr nəticəsində vətəndaşlarımız xəsarət alıb. Azərbaycan ərazisinə edilən bu hücum qeyri-dost addımdır. Azərbaycan öz sərhədləri daxilində baş verən hər hansı hücuma cavab vermək hüququna və gücünə malikdir. Qarşı tərəf rəsmi şəkildə üzr istəməli və bu kimi addımlara dərhal son qoymalıdır".

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31