Türk Dünyası Arabulucular Birliyi nümayəndə heyəti Bertan Özerdağı  ziyarət ediblər

Türk Dünyası Arabulucular Birliyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəməsinin sədri Bertan Özerdağa nəzakət ziyarəti həyata keçirib. "Olaylar" xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin Ali İnzibati Məhkəmənin iclas zalında keçirilən görüşdə Kipr Türk Barolar Birliyinin sədri Hasan Esendağlı, Türk Dünyası Arabulucular Birliğinin sədri Yakup Erikel, həmçinin Birliyin Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan üzrə nümayəndələri iştirak ediblər.
Görüş zamanı Hasan Esendağlı heyət üzvlərini Ali Məhkəmənin sədri ilə tanış edərək, Şimali Kipr Türk Cümhuriyyətinin məhkəmə-hüquq sistemi barədə məlumat verib. O, nümayəndə heyətinin bir sıra rəsmi görüşlər keçirdiyini bildirərək təşəkkürünü ifadə edib.
Ali Məhkəmənin sədri Bertan Özerdağ qonaqları qəbul etməkdən məmnunluğunu vurğulayıb, Türk dünyası çərçivəsində qurulan institusional əlaqələrin və qarşılıqlı əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, mübahisələrin alternativ həlli üsullarının müasir hüquq sisteminin ayrılmaz tərkib hissəsi olduğunu və məhkəmə proseslərinə mühüm töhfə verdiyini bildirib.
Türk Dünyası Arabulucular Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel isə Birliyin fəaliyyəti və strukturu barədə məlumat verərək, Kipr Türk Barolar Birliyi ilə birgə "Mediasiya haqqında Qanun" layihəsi üzərində iş apardıqlarını və sənədin qəbulunu gözlədiklərini qeyd edib. O, gələcəkdə yaradılması planlaşdırılan "Vəkil Rauf Raif Denktaş Beynəlxalq Mediasiya İnstitutu"nun Şimali Kipr Türk Cümhuriyyəti üçün mühüm hüquqi platformaya çevriləcəyini bildirib, Lefkoşanın beynəlxalq mübahisələrin həlli mərkəzi kimi formalaşdırılmasının hədəfləndiyini vurğulayıb.
Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova çıxışında mediasiya institutunun regionda alternativ mübahisə həlli mexanizmi kimi daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb, təcrübə mübadiləsinin və birgə təşəbbüslərin davam etdirilməsinin zəruriliyini bildirib. Sima Yaqubova bu cür görüşlərin institusional əlaqələrin möhkəmlənməsinə və ortaq hüquqi platformaların formalaşmasına töhfə verdiyini qeyd edib.
Görüşdə Birliyin müxtəlif ölkələr üzrə nümayəndələri çıxış edərək əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, tədbir xatirə hədiyyələrinin təqdim olunması və birgə foto çəkilişi ilə yekunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31