Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir

4 mart 2026-cı il, Bakı - Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilir.

Olaylar.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Belə ki, AZAL-a məxsus "Boeing 787 Dreamliner" təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Təxliyə reysi vasitəsilə ümumilikdə 209 vətəndaşın ölkəyə qayıdışı təmin edilir.

Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq qurumlar tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq reyslərin təhlükəsiz və planlı şəkildə icrasını həyata keçirir.

Qeyd edək ki, növbəti günlərdə Yaxın Şərqin digər istiqamətlərindən Bakıya təxliyə reysləri planlaşdırılır.

Əlavə sual yaranarsa, [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət etmək mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31