Qəhrəmanlar böyüyən ev qəzalı vəziyyətdə
16:56 SosialYaxud aidiyyati qurumların "ötür-ötür oyunu"
Yardımlı rayon Bozayran kənd sakini Əmək veteranı, 2-ci qrup əlil, yataq xəstəsi olan, 87 yaşlı ana Bədirova Gültamam Zərbi qızı yaşayış şəraiti ilə əlaqədar aidiyyatı təşkilatlara müraciət edib. Surəti media orqanlarına göndərilən müraciətdə bildirilir ki, G.Bədirovanın yaşadığı 3 otaqlı ev tamamilə qəzalı vəziyyətdə və yaşamaq üçün yararsızdır: "Evin arxasından və içərisindən bir neçə yerdən vurulmuş dayaqların da evin aşmaması və uçmamasına heç bir köməyi və əhəmiyyəti yoxdur. Son zamanlar tez-tez baş verən yeraltı təkanlar və zəlzələlər evdə yaşamağımızın ciddi təhlükəli olmasına şərait yaratmışdır".
Vətəndaş bildirir ki, 2024-cü ilin may ayının 11- də 5,3 bal gücündə baş vermiş yeraltı təkanlar və zəlzələlər nəticəsində ev tam yararsız vəziyyətə düşüb: "Həmin evdə mən, oğlum, gəlinin və bir az yaşlı nəvəm yaşayır. Qorxumuzdan axşamlar gəlinimin atası evində yaşayırıq. Bizim ev tikmək imkanımızda yoxdur. Ailəmiz yalnız mənim aldığım pensiya ilə yaşayır".
Zəlzələ evi yararsız edib, icra hakimiyyəti rəy verib
Məlum zəlzələdən bir qədər sonra- 9 iyun 2024-cü il tarixində Rayon İcra Hakimiyyəti başçısının I müavini, Rayon Fövqalədə Hallar Komissiyasının sədri Azər Xamiyevin başçılığı ilə mütəxəssislərlə evə baxış keçirilmiş və mütəxəssislər tərtib etdiyi aktda göstərmişlər ki, həqiqətən ev yararsız haldadır və orada yaşamaq təhlükəlidir. Bu akta əsasən Fövqalədə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyinə Nəzarət Dövlət Agentliyinin sədri Cəbrayıl Xanlarova İcra hakimiyyəti adından məktub ünvanlanıb. Halbuki, tərtib edilən akt və müvafiq sənədlər birbaşa Fövqalədə Hallar Nazirinə göndərilməliydi. Çünkü belə məsələləri Agentlik yox, nazir özü həll edir. Maraqlıdır ki, Rayon İcra Hakimiyyəti başçısının I müavini, Rayon Fövqalədə Hallar Komissiyasının sədri Azər Xamiyev bildirib ki, "biz qorxuruq birbaşa nazirə məktub yaza bilmərik". Əgər icra hakimiyyəti vətəndaşın həyatının təhlükədə olması ilə bağlı hər hansı bir problemini yuxarı orqanlara çatdıra bilmirsə niyə oturub o vəzifədə? Həmçinin, Azər Xamiyev tərəfindən Cəbrayıl Xanlarova ünvanladığı məktubu müavini Elxan Əsədova yönləndirib.
Elxan Əsədov isə cavab məktubunda göstərir ki şikayət ərizəsinə 20 iyun 2024 cü ildə Agentlikdə baxılmışdır. Amma vətəndaşa cavab 1 il əvvəlcədən 15.07.2023 cü il tarixdə ünvanlanıb. Görünür, Elxan Əsədovun kompüterində 2023 cü il tarixdən qalan nümunə var, sadəcə eyni məzmunlu cavablar olduğu üçün o məktubda sadəcə vətəndaşın soyadını, adını atasının adını dəyişməklə cavab göndərirlər. Həm də Elxan Əsədovun cavab məktubunda göstərilir ki, Nazirlik və onun qurumu olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi kütləvi xarakterli fövqalədə hal baş verdikdə yalnız yuxarı mərkəzi icra hakimiyyəti orqanının tapşırıqları əsasında bu istiqamətdə tədbirlər həyata keçirə bilər. Görəsən Əsədov yuxarı icra orqanı dedikdə nəyi nəzərdə tutur? Elxan Əsədov məktubda onu da qeyd edir ki, Mənzil Məcəlləsinin 28-ci maddəsinə uyğun olaraq təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşmüş mənzilin və ya fərdi yaşayış evinin təmir və bərpa edilməsi mülkiyyətçi tərəfindən həyata keçirilməlidir. İndiki halda da ev vətəndaşdan asılı olmayan səbəbdən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşüb. Elxan Əsədov nəyi dəqiqləşdirmək istəyirsə Allahla dəqiqləşdirsin, soruşsun niyə zəlzələ etdin və Yardımlıda bir imkansız ailənın evini niyə bu vəziyyətə saldın. Onu da bildirirəm ki,Yardımlıda 4 dəfə 3,5-4,5 bal güçündə sonuncu dəfə 6 gün əvvəl 04.06.2025-ci il tarixdə saat 23:34-də zəlzələ qeydə alınıb. Baş verən son zəlzələlər evdə yaşamağın tam təhlükəli olmasına dəlalət edir.
Evi başına uçan Ana qəhramanlar böyüdüb
Onu da bildirək ki, bu gün adi insan yaşayışına yararsız hala düşən evdə dövlət və Vətən qarşısında xidmətləri olan oğullar böyüyüb. Gültamam ananın böyük oğlu hərbiçi olub 13 ildir Xəstəliklə əlaqədar ehtiyyatda olan zabitdir. O, Birinci Qarabağ müharibəsi iştirakçısı 2-ci qrup hərbi əlildir, 1991-1992-ci illərdə Şuşa və Daşaltı döyüşlərində iştirak etmişdir. Dövlət qarşısındakı xidmətlərinə görə Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən təltif edilib. Bu gün təhlükə altında yaşayan xanım həm də qəhrəman nənəsidir. Bu evdə böyüyən nəvəsi Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə "Xocəvəndin Şuşanın və Cəbrailin işğaldan azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Döyüşdə fərqləndiyi və göstərdiyi şücayətə görə ona döyüş zamanı baş leytenant hərbi rütbəsi verilmişdir. 19-20 sentyabr 2023-cü il tarixdə AR Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı ilk strateji yüksəkliyin əldə edilməsində komandir kimi döyüşü həyata keçirən kapitan rütbəli nəvənin nənəsi indi bir məmur laqeydliyi ilə üz-üzə qalıb.

Nurlan