Bağçalarda “uşaq psixoloqu” ştatının yaradılması təklif olunur
11:54 SosialPsixi sağlamlıq sahəsində qeyri-peşəkar xidmətlərin qarşısının alınması və uşaq bağçalarında yeni ştatların yaradılması təklif edilir. "Olaylar" xəbər verir ki, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə əlaqədar məruzəsini təqdim edərkən deyib. Ombudsman bildirib ki, Ombudsman yanında Psixi sağlamlıq və insan hüquqları sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində sosial şəbəkələr üzrə aparılan monitorinqlər internet üzərindən qeyri-qanuni psixoloji xidmətlərin göstərildiyini üzə çıxarıb:
"Psixi sağlamlıq sahəsində yardım göstərmək hüququ olmayan şəxslər tərəfindən internet üzərindən müvafiq seans və məsləhət xidmətlərinin göstərilməsinin qarşısının alınması üzrə mexanizmlərin işlənib hazırlanması, habelə Psixi Sağlamlıq sahəsində Milli Strategiyanın qəbul edilməsinin sürətləndirilməsi məqsədəmüvafiqdir".
S.Əliyeva qeyd edib ki, uşaqların erkən yaşda psixoloji dəstəklə təmin olunması məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Uşaq bağçalarının nümunəvi ştatı"na və "Körpələr evi-uşaq bağçalarının nümunəvi ştatları"na "uşaq psixoloqu" ştatının əlavə edilməsi məsələsi aktual olaraq qalmaqdadır.
Ombudsman həmçinin vurğulayıb ki, rəqəmsal mühitdə psixi sağlamlığa mənfi təsir göstərə biləcək kontentlərlə mübarizə və bu sahədə qanunvericilik bazasının gücləndirilməsi vətəndaşların sağlamlıq hüququnun qorunması baxımından strateji əhəmiyyət daşıyır.