Milli birlik, güclü dövlətçilik və tarixi yaddaşın əhəmiyyəti önəmlidir- ÖZƏL

"Bu gün Azərbaycanın bütün sərhədlərində şanlı bayrağımız qürurla dalğalanır. Xalqımız qalib xalq kimi bundan sonra əbədi olaraq günü-gündən güclənən Azərbaycanın uğurları ilə fərəhlənir". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Prezident İlham Əliyevin rəhbərliyi, birbaşa diqqət və qayğısı ilə 30 il Ermənistanın işğalında saxlanılan, viran qoyulan Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, bərpa edilir. 30 il işğalda saxlanıldığı dövrdə bütün yaşayış məntəqələri, infrastruktur, ərazinin ekoloji durumu belə pozulub. Bu gün isə güclü və qalib Azərbaycan özü təkbaşına ərazilərimizdə "Böyük Qayıdış" konsepsiyasına uyğun olaraq işləri icra edir. Məhz bunun nəticəsidir ki, uzun on illiklər öz ata-baba ocaqlarından didərgin düşmüş sakinlər yurd-yuvalarına, mənsub olduqları torpaqlara qayıdır. Dövlətimiz tərəfindən sözsüz ki, keçmiş qaçqın və məcburi köçkünlərin geri dönüb burada əbədi rahat, xoşbəxt və təhlükəsizlik şəraitində yaşaması üçün bütün zəruri addımlar atılır.
Ölkəmizin başçısı da Xocalı və Xocavəndə səfəri zamanı öz evlərinə qayıdan sakinlərlə səmimi söhbətlərində 90-cı illərin əvvəllərində xalqımızın başına gətirilən müsibətlərdən bəhs etdi. Vurğulandı ki, Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq öz milli qürurunu qorumağı bacarıb və nəhayətdə tarixi ədalət təmin edilib. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü il sentyabrında həyata keçirilən antiterror tədbirləri tarixi ədalətin mərhələli təminatı kimi mühüm əsaslar formalaşdırıb. Bu mənada sözsüz ki, milli birliyin, güclü dövlətçiliyin və tarixi yaddaşın əhəmiyyəti olduqca önəmlidir. Hazırkı postmünaqişə dövründə təhlükəsizlik və sülh konsepsiyası istiqamətində atılan addımlar fonunda tarixi həqiqətlər üzərində qurulan strategiyanın mahiyyəti bir daha özünü qabarıq şəkildə təzahür etdirir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31