“Qadağan olunmuş müğənnilər siyahısı” qalmaqalı: Araşdırma aparıldı — iddialar yalan çıxdı?

Son günlər sosial şəbəkələrdə və şou-biznes gündəmində geniş müzakirələrə səbəb olan müğənnilərin efir qadağası ilə bağlı yayılan siyahı ətrafında yeni detallar ortaya çıxıb.

Musavat.com bildirir ki, müğənni Afət Fərmanqızı məsələ ilə bağlı açıqlama yayaraq, iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

O qeyd edib ki, adı sözügedən siyahıda hallanan ifaçılar məsələni aydınlaşdırmaq üçün bir araya gəlib və araşdırma aparıblar:

"Başda aşıq Namiq Fərhadoğlu olmaqla təxminən 20-yə yaxın müğənni toplantı keçirərək yayılan məlumatların doğruluğunu yoxlamağa çalışdıq. Məlum oldu ki, ümumiyyətlə belə bir siyahı yoxdur. Bütün televiziya kanalları ilə əlaqə saxladıq, onlar da bildirdilər ki, efir qadağası ilə bağlı heç bir rəsmi siyahı mövcud deyil".

Müğənni bildirib ki, Namiq Fərhadoğlu məsələni dəqiqləşdirmək üçün aidiyyəti qurumlarla da əlaqə saxlayıb və müxtəlif ünvanlara müraciətlər edib. Lakin bütün sorğulara eyni cavab verilib ki, yayılan məlumatların əsası yoxdur.

Afət Fərmanqızı əlavə edib ki, televiziya nümayəndələri ona şəxsən efir qadağasının olmadığını bildiriblər:

"Mənə dedilər ki, bu gün efirə çıxmaq istəsən, verilişlərin qapısı üzünə açıqdır. Araşdırma zamanı məlum oldu ki, verilişi bağlanan aparıcılardan biri bilərəkdən belə siyahı hazırlayıb ki, gündəmi dəyişsin və diqqəti özündən yayındırsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31