Süni intellektin tətbiqi ölkəmizə yeni sosial, iqtisadi imkanlar vəd edir

İstiqamət: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə sahəsindəki inkişaf səviyyəsinə görə iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafını, yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və genişlənməsi ilə səciyyələndirmək olar. Bu gün Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsindəki fəaliyyət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. Onun 2003-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olmuşdur. XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahə hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz etmişdir. Müasir dövrdə və gələcək perspektivdə İKT-nin əhəmiyyəti ön plana keçir. Müasir rabitə və informasiya texnologiyaları, ölkənin hərtərəfli inkişafı, əhalinin intellektinin yüksəldilməsi, həmçinin dünyada baş verən inteqrasiya proseslərinə daha aktiv cəlb olunması istiqamətində respublikamızın qarşısında yeni imkanlar açır. Rabitə Nazirliyi ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması bu sahənin gələcək inkişafı, hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnməsi imkanları baxımından diqqətəlayiq oldu. Qısa müddət ərzində bu istiqamətdə bir çox işlər görüldü və mühüm addımlar atıldı. Hazırda informasiya-kommunikasiya texnologiyaları dövrün ən başlıca tələblərindən biridir. Bu gün demək olar ki, bütün sahələrdə yeni nəsil texnologiyaların xidmətindən istifadə edilir. Dövlət strukturları, vətəndaş cəmiyyəti institutları, iqtisadi və sosial sahələr, elm və təhsil, mədəniyyət və digər sahələr informasiya-kommunikasiya texnologiylarının təsir dairəsindədir.
Azərbaycanda da süni intellekt (Sİ) son illərdə həm dövlət, həm də özəl sektor səviyyəsində sürətlə inkişaf edir. Xüsusilə rəqəmsal transformasiya strategiyaları çərçivəsində bu sahəyə maraq artmaqdadır. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - ölkədə rəqəmsal transformasiya və süni intellekt strategiyalarının hazırlanması və icrasına rəhbərlik edir. Hazırda işğaldan azad olunmuş ərazilərdə "Ağıllı şəhər" və "Ağıllı kənd" kimi layihələri rəqəmsal və avtomatlaşdırılmış idarəetmə sistemləri tətbiq olunur. Həmçinin, səhiyyə, təhsil, bank və maliyyə, kənd təsərrüfatı və sənaye sektorlarından süni intelektdən istifadə edilir. Süni intellektin  Azərbaycanda geniş tətbiqi ölkəmiz üçün həm iqtisadi, həm sosial, həm də texnoloji baxımdan böyük imkanlar vəd edir. Bu transformasiya xüsusilə rəqəmsal inkişaf strategiyası çərçivəsində daha da sürətlənə bilər.
Xatırladaq ki, Azərbaycan süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı kifayət qədər geniş imkanlara malikdir. Bu istiqamətdə bir sıra islahatlar aparılıb, dünyanın aparıcı dövlətləri ilə əməkdaşlıq edilir. Elə dövlət başçısı İlham Əliyev də "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə də mövcud potensialı xatırladıb: "Digər üstünlüyümüz isə ondan ibarətdir ki, biz bu sahədə dünyanın aparıcı şirkətləri ilə artıq təmaslar qurmuşuq. Bir neçə aparıcı şirkətlə danışıqlar aparılıb, ölkəmizin imkanları onlara təqdim edilib. Eyni zamanda, dünyanın böyük və deyə bilərəm ki, ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla bizim sıx əlaqələrimiz var. Azərbaycan Dövlət Neft Fondu uzun illərdir bu təsisatlarla əməkdaşlıq edir və o təsisatlar vasitəsilə Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsi idarə olunur. Biz artıq bu təsisatlara vəsait yatırırıq və onlarla bu yaxınlarda aparılmış danışıqlarda, eyni zamanda, bu qurumlardan Azərbaycana investisiyaların cəlb edilməsi məsələləri də qaldırılmışdır və müsbət cavab alınmışdır. Yəni indi konkret layihələr üzərində işləyirik və rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi də dediyim ən böyük Amerika fondlarının sərəncamındadır. Bu, bizim böyük üstünlüyümüzdür. O cümlədən dünən bu binada Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası da bu üstünlüyü bizə təmin edir. Bu Xartiya tarixi bir sənəddir. Bu, artıq mətbuatda da dərc edilib, hər kəs görə bilər nədən ibarətdir, o cümlədən data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələrimiz. Yəni bu da bizim üstünlüyümüzdür".
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, artıq dünya praktikası, ölkəmizin hazırkı vəziyyəti və qarşısında duran yeni çağırışlar nəzərə alınmaqla texnoloji inkişafımızı irəlilədəcək ilkin fəaliyyət planı hazırlanıb. Bu fəaliyyət planı rəqəmsallaşma və rəqəmsal transformasiyanın sürətləndirilməsi, süni intellektin dövlət müəssisələrində və özəl şirkətlərdə tətbiqi, innovasiya ekosistemi və kibertəhlükəsizlik üzərində qurulub. Burada məqsəd insan kapitalı, mövcud infrastrukturun yenilənməsi və genişləndirilməsi,  qanunvericiliyimizin müasir tələblərə uyğunlaşdırılması və idarəetmə proseslərinin çevik olmasıdır. Göründüyü kimi Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir. Azərbaycanda İKT-nin inkişaf dinamikası, uğurla həyata keçirilən neft strategiyası nəticəsində ölkəyə olan inamın artması, beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq nümunələri, yüksək texnologiyaya əsaslanan iqtisadiyyatın formalaşması üzrə qarşıya qoyulan vəzifələr, dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsinə göstərilən böyük diqqət və qayğı, ölkəmizin yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində böyük uğurlar qazanacağına zəmanət verir.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir
.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31