Süni intellekt üçün təhlükəsizlik sənədi hazırlanır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov bildirib ki,  Azərbaycanda süni intellektin təhlükəsizliyi ilə bağlı tələbləri müəyyən edən sənəd üzərində iş aparılır. Bu məsələ "Azərbaycanda kibertəhlükəsizlik sahəsində qanunvericilik" adlı tədbirdə səsləndirilib.

O qeyd edib ki, qurum daxilində dövlət məlumatlarının mühafizəsini təmin etməklə yanaşı, dövlət orqanları üçün daha rahat və praktik mühitin yaradılması istiqamətində zəruri addımlar müzakirə olunur.

Bildirək ki, süni intellekt texnologiyalarının sürətli inkişafı məlumat təhlükəsizliyi, şəxsi məlumatların qorunması, kibercinayətkarlıq, saxta məzmun (deepfake) istehsalı, alqoritmik ayrı-seçkilik və qərarvermədə şəffaflıq kimi riskləri gündəmə gətirir. Xüsusilə dövlət sistemlərində bu texnologiyaların tətbiqi zamanı məlumat sızması, sistemlərin kiberhücumlara məruz qalması və avtomatlaşdırılmış qərarların hüquqi və etik məsuliyyəti kimi məsələlər xüsusi diqqət tələb edir.

Belə olduqda sual yaranır: süni intellekt sahəsində təhlükəsizliyi zəruri edən nədir və bu sahədə hansı risklər mövcuddur?

Mövzu ilə bağlı süni intellekt mütəxəssisi Abdulla Abdullayev Sfera.az-a açıqlamasında bildirib ki, Tural Məmmədovun qeyd etdiyi bu addım ölkəmiz üçün olduqca böyük strateji əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, süni intellekt sürətlə inkişaf etdikcə, onun yaratdığı imkanlarla bərabər riskləri də idarə etmək məcburi hala gəlir.

Mütəxəssis süni intellekt (Sİ) sahəsində təhlükəsizliyi zəruri edən əsas amilləri və mövcud riskləri də qeyd edib:

"Sİ sistemləri böyük həcmli məlumatlar əsasında qərarlar qəbul edir. Bu qərarların şəffaflığı təmin olunmadıqda, cəmiyyət üçün ciddi fəsadlar yarana bilər".

Müsahibimiz vurğulayıb ki, süni intellektin tətbiqi zamanı qarşılaşılan əsas risklər bunlardır:

"Məlumat gizliliyi: Sİ modelləri öyrədilərkən fərdi və ya konfidensial məlumatların sızması təhlükəsi yaranır.

Qərəzlilik: Əgər sistemə təqdim olunan ilkin məlumatlar obyektiv deyilsə, onun verdiyi nəticələr də obyektiv olmur.

Deepfake və dezinformasiya: Saxta kontentlərin yaradılması ictimai rəyin manipulyasiyasına yol açır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31