İzzət Bağırovun bu çıxışı rezonans doğurdu – VİDEO
20:03 SosialMüğənni İzzət Bağırovun çıxışı qabağıma çıxdı. Ataları sərt tənqid edib ki, bəs başlarına dəysin, 200 manat aliment olar?!
Möhtəşəm, mükəmməl bir mövzudur.
Belə çıxışları çox sevirəm, yəqin çoxunuz videodan çox, yazılan şərhləri oxumaqdan zövq alırsınız. Şəxsən mən eləyəm.
Yurdumun insanı nə düşünür?
Diqqətimi çəkən şərhləri qeyd edim öncə:
-400 manat maaş alan nə qədər ödəməlidir ki, ay vicdanını itirmiş adam?
-Toxun acdan xəbəri olmaz. Pafos püskürür, publika xətrinə danışır ki, əksər boşanmış qadınlar onu dəstəkləsin
-İzzət, sənin başın qaçıb, nə danışdığını bilmirsən. Bəs 370 manat alıb 250 manat aliment verən oğullar nə etsin?
-200 manat ödəyənlər düşünürlər ki, bu pulla ana ev ala, istirahətə gedə bilər. Onlar üçün bu məbləğ çox böyükdür
-200 manat pul deyil, amma 600-700 manat maaş olan yerdə nə verməlidir?
- 200 manata çox deyənlərin əksəriyyəti gündə bir paçka siqaret çəkir, amma nədənsə bu pulu tez tapa bilmir. Aliment davası edənlərin çoxu elə imkanı olub vermək istəməyənlərdi. Yaxşı ata uşağını alimentin ümidinə saxlamaz.
Və sair, və ilaxır...
Çox maraqlı təkliflər də var: evlənməyə qadağa gəlsin, uşaq pulunu bərpa etsinlər, maaşı 1000 manatdan yuxarı olanlara aliment öhdəliyi qoyulsun....
Xanımlar və cənablar, boşanmasaydınız, o 200-400 manatı uşaqlarınıza xərcləmək yükünüz olmazdı? Tamam, uşaq dünyaya gətirmisiniz, heç düşünməmisiniz necə olacaq? Heçmi planınız yox idi gələcəklə bağlı? Sizcə də bu durumda qurulan istənilən cümlə bəhanə deyil?
Bu, mənim şəxsi fikrimdir. Bəli, əksər hallarda iş tapmaq çətindir çox adam üçün. Amma evlənmək və övlad sahibi olmaq seçimdir axı. Bunu özünüz istədiniz, bu həyat yolunuzu şəxsən özünüz cızmısınız, bunlar sizin əsərinizdir.
Tamam, yenə tamam, ölkədə orta aylıq əməkhaqqı qənaətbəxş deyil. Özəlliklə də sürətlə bahalaşmanın davam etdiyi zamanda....Kirayə, kommunal haqqı, ərzaq, sağlamlıq, təhsil və sair xərclər adamın az qala nəfəsini kəsə. Amma necə yaşayacağımız bizdən asılıdır, heç kim qapıları bağlamayıb, o qapıları ancaq özümüz aça bilərik, o qapıları ancaq özümüz bağlaya bilərik.
Allah hamımızın qapısını açsın.