Mən yatmamışdım, gözümə işıq salıb çəkdilər – Qəzənfər Paşayev
19:44 SosialBu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Ümumi yığıncağı keçirilib. Tədbirdə iştirak edən alimlərin çıxışları deyil, şəkilləri müzakirələrə səbəb olub. Belə ki, elmi mövzuların müzakirə edildiyi tədbirdə bəzi alimlərin mürgülədiyi müşahidə olunub.
Şəkli yayılanlar arasında tanınmış alim - filologiya elmləri doktoru və professor, ədəbiyyatşünas Qəzənfər Paşayev də var.
Modern.az Qəzənfər Paşayevlə əlaqə saxlayaraq, onun hadisəyə münasibətini öyrənib.
Qocaman professor saytımıza açıqlamasında qeyd edib ki, o, tədbirdə mürgüləməyib, diqqətlə çıxış edənlərə qulaq asıb. Sadəcə şəkildə gözü yumulu vəziyyətdə düşüb:
"İnana bilmirəm ki, həm dövlətə, həm xalqa xidmət edən bir adama, mənə qarşı da belə bir addım atsınlar. Gözümə o tərəfdən işıq saldılar, bu tərəfdən çəkdilər. Mən bilmədim o nə idi elə. Əlləri o vəziyyətdə olan adam yatarmı? Yatan adamın əlləri yanına düşər. Vicdansız gözümə işıq saldı, o biri tərəfdən də çəkdi. Yaqub Mahmudov mənim yaradıcılığıma böyük qiymət verən alimdir, mən onun qarşısında necə yata bilərəm? Tədbir mənim üçün çox maraqlı və kifayət qədər yığcam idi".
Qəzənfər Paşayev digər həmkarlarının tədbirdə yatıb-yatmaması ilə bağlı sualımıza da cavab verib:
"Mən ətrafa diqqət etmədim, oturmuşdum, nə bilim başqaları nə edir".
"Mən Allahdan vaxt arzu edirəm, bir az planlarım var. Mənim 2025-ci ildə iki kitabım çıxdı. İraq tədqiqatçısı Şəmsəddin Kuzəçi haqqında "Kərkük pərvanəsi" kitabım 3 günə çap olunacaq. Mənim bu saat kitabım Hindistanda ingiliscəyə tərcümə olunur. Üç gün bundan qabaq Nəsimi haqqında kitabım İranda ərəb əlifbası ilə çap olunub, mənə yeni çatıb. Mən işlə, elmlə məşğulam. İndi görürsən ki, adama sataşanlar da olur. Mənim kitabım dövlət mükafatına verilib. O saat hiss olunur ki, istəməyənlər də var. And içirəm Allaha ki, gözümə işıq saldılar. Nə biləydim ki, mənim şəklimi çəkirlər. Onsuz da mən yaxşı baxa bilmirəm, gözlərimi qıyıram. Verilişə də dəvət edirlər, əvvəldən-axıra qədər çıxış edirəm, amma sonra baxıram ki, gözüm yumulu düşüb. Ona görə, demişəm ki, daha verilişə də getməyəcəm. İndi bundan istifadə edib şəklimi çəkiblər", - deyə alim sonda qeyd edib.