Xocalı susan gecənin harayı idi- GÜLƏR MÜBARİZ YAZIR
14:32 Sosial1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri - Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur.
Tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən 34 il ötür.
Xocalı susan gecənin harayı idi.
Tarix bəzən kağız üzərində yazılmır. Xocalının tarixi kimi qarın üzərində qanlı izlərlə, yarımçıq qalan addımlarla yazılır. 1992-ci ilin fevral gecəsində Xocalının taleyi məhz belə yazıldı. O gecə təkcə bir şəhər işğal olunmadı, o gecə insanlığın vicdanı sınağa çəkildi.
O gecə Ermənistan silahlı qüvvələri və keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayı beynəlxalq hüquqi norma və prinsipləri kobudcasına pozaraq dörd bir tərəfdən Xocalı şəhərinə hücum edərək şəhəri artilleriya və ağır hərbi texnikalardn atəşə tutaraq dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törətmiş, şəhərə od vuraraq yandırıb, xarabazara çevirdilər.
Qışın ən sərt çağında insanlar evlərini yox, həyatlarını xilas etməyə çalışırdı. Ana qucağında donan körpə, atasının əlindən sürüşüb qarın üzərində qalan uşaq ayaq izləri, ailəsini itirib sükuta bürünən baxışlar... Bunlar statistika deyil. Bunlar rəqəm deyil. Bunlar yarımçıq qalan ömürlərin səssiz şahidləri idi.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib, 1275 nəfər dinc əhali əsir götürülüb, 487 nəfər şikəst olub, 150 nəfər isə itkin düşüb.
Bu gün qəlbimiz üşüyür. Hər ilin bu günü Xocalını hiss edirik, bir tel qırılır hər fevral ayı könül tarından.
Soyuq gecənin içində insanın içini yandıran tək şey şaxta deyildi, vəhşətin miqyası idi. Qaçmağa çalışan dinc insanlar güllə yağışına tutuldu, əsir götürülənlər işgəncəyə məruz qaldı, ailələr bir gecənin içində tarixə çevrildi. O gecə ölüm təkcə can almadı, gələcəkləri də aldı. Yüzlərlə ailənin çırağı söndü. Azərbaycanın sinəsinə bala dağı çəkildi sanki.
Xocalı yalnız faciə deyil. Xocalı yaddaşdır. Millət olaraq 30 illik yaddaş. Unutmadıq, unuda bilməzdik. Çünki yaddaş olmayan yerdə ədalət də gecikir. Ədaləti bərqərar edən qan yaddaşımızdır Xocalı.
Xocalı həm də sualdır - insanlıq harada başlayır, harada bitir? Bu sualın cavabı isə hər il fevralın 26-sında yenidən doğulur: xatırladıqca, danışdıqca, unutmadıqca. Hər xatirə bir ehtiram olur, hər kəlməmiz acımıza şərik çıxır.
Ağrı zamanla azalır deyirlər. Azalır və ya o acıyla yaşamağa alışır insan. Amma bəzi ağrılar sağalmır, sadəcə xalqın kimliyinə çevrilir. Xocalı Azərbaycan xalqının yaddaşına yazılmış sağalmayan yara oldu. O yaranı yaşatmağı hər bir azərbaycanlı özünə, millətə, vətənə sədaqət borcu bilir. O yara bizi zəiflətdiyi üçün deyil, bizi kim olduğumuzu unutmağa qoymadığı üçün yaşayır çünki.
"Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir"- deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevral ayının 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdi. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş, bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı faciəsi hər il 26 fevral tarixində Xocalı Soyqırımı Günü kimi qeyd olunur.
Erməni qaniçənləri haqqında həqiqətlərin dünyaya çatdırılması, dəhşətli faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır . Bunun nəticəsində artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatlarının qərar və qətnaməsində də əksini tapıb. Dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində Xocalı soyqırımını tanıyıb.
30 ildən çox yaxınlarının, doğmalarının taleyindən xəbərsiz olan Xocalı artıq düşməndən azad edilib.
Bu gün Xocalını anmaq təkcə keçmişə baxmaq deyil. Bu, gələcəyə söz verməkdir:
İnsanlıq bir daha susmayacaq.
Uşaqlar bir daha qarda donmayacaq.
Anaların fəryadı bir daha gecəyə qarışmayacaq.
Millətin başı bir daha sinəsinə enməyəcək.
Vətən bir də ağlamayacaq.
Xocalı itirilmiş həyatların adı deyil yalnız. Xocalıdan olmayanların da keçmişidir, millət olaraq unudulmayacaq dərdimizdir.
Xocalı yaddaşın, ədalət istəyinin və insanlığın vicdanına yazılmış əbədi çağırışdır.
Bu əbədi çağırışı unutmadıq, unuda bilmirik, unutmayacağıq da...
Keçmişin qanlı izini yaddaşlardan silməyə zəfərin də gücü yetmir, təəssüf ki. Silinəsi yara olmadı, unudulası faciə deyil.
Faciəni yaşayan bütün həmvətənlərimizin dərdinə şərikik, başın sağ olsun, Vətən. Bir daha sinən övlad dağı görməsin, başın önə əyilməsin, gözün yollarda qalmasın.
Qanlı-qadalı günlərin bir daha yaşanmasın, Xocalım, adın dünya ayıbı soyqırımla yox, dünya səviyyəli xoş günlərdə anılsın, səninləyik, səndəyik.
Biz hamımız Xocalıyıq.