Estetik standartlar aşılanıb, mədəni institutlar zəifləyib

Zahid Məmmədov: "Necə olub savadsız, etikasız insanlar bu qədər zəngin ola bilərlər?"
Azərbaycan da daxil olmaqla bütün dünyada şou-biznes sahəsi qalmaqalları ilə məşhurdur. Fərq ondan ibarətfir ki, bizim şou-biznesinin bəzi nümayəndələrinin sənətdən çox şəxsi həyatlarını qabartmaları ilə gündəmdə qalmağa çalışırlar. Daha dəhşətlisi odur ki, bir çox hallarda Azərbaycan telekanallarına yol tapan üzdəniraq müğənnilər insanlara "həyat dırsi keçirlər". Mədəniyyət aləmində baş verən xoşagəlməz hadisələrlə bağlı iqtisad elmləri doktoru, professor Zahid Məmmədova müraciət etdik. 

-Zahid müəllim, son vaxtlar sosial şəbəkələrdə, xüsusən, televiziyalarda özünü müğənni adlandıran şəxslərin qeyri-etik davranış və ifadələrinin şahidi oluruq. Cəmiyyətimizin belə acınacaqlı vəziyyətə düşməsinə səbəb nədir?

-Həqiqətən də bir cəmiyyətin, ölkənin ən təhlükəli böhranı iqtisadi deyil, dəyər aşınmasıdır. Ən böyük problem mədəni təhlükəsizlik məsələsidir. Biz daha çox hərbi, siyasi, iqtisadi məsələlərlə bağlı təhlükəsizlik mövzusundan danışırıq, amma bu gün ən böyük problem mədəni təhlükəsizlik məsələsidir. Mədəni təhlükəsizlik  dəyərlərin qorunmasıdır, ünsürlərin deyil, zövqün, düşüncənin, simvolların qorunmasıdır. Mədəni təhlükəsizlik pozulduqda cəmiyyət bunu dərhal hiss etmir. Mədəni təhlükəsizlik təkcə incəsənət məsələsi deyil, bu sosial qərarvermənin keyfiyyəti ilə bağlıdır. Son dönəmlər televiziyalar, rəqəmsal medialar biliyi, qabiliyyəti olmayan, toydan çıxan, toyda zənginləşən adamların gündəmə gətirilməsilə məşğuldurlar. Guya bunlar bilik sahibidir və bunlar hər yerdə söz sahibidir. Cəmiyyət artıq qəbul etməyə başlayır ki, bunlar "söz sahibidir". Əslində isə ictimaiyyətdə onların müzakirə olunaraq gündəmdə qalınması böyük bir təhlükədir.
Heç bir dünya kanallarında toy müğənnilərinin gündəmə gəlməsinin şahidi olmaq mümkün deyil. Bizdə isə müğnnilər gəlirlərini, evlərindəki vəsaitlərini, evlənmələrini, zəngin həyatlarını danışır, istirahətlərini paylaşır, boşanmalarını müzakirə edir. Artıq bütün mənəvi sərhədlər aşılıb. Mən bununla bağlı Mədəniyyət Nazirliyinə, Audiovizual Şuraya və digər müvafiq orqanlara müraciət etmişəm. Lakin eyni proses davam edir. Bu artıq mədəni təhlükəsizlik problemidir, bunun qarşısı mütləq alınmalıdır. Çünki bu iqtisadi böhrandan daha təhlükəlidir. 

- Bu məsələlərə cavabdeh olan kifayət qədər nəzarət mexanizmləri və nəzarət qurumları var. Üstəlik Milli Məclis qərar qəbul elədi ki, internetdə əxlaqa zidd, cəmiyyətə mənfi təsir edən ifadələrin işlədən şəxslər məsuliyyətə cəlb ediləcək. Buna baxmayaraq bəzi incəsənət xadimləri efirdə hətta jarqon sözlərdən istifadə edirlər.  Bunu nə ilə əlaqələndirərdiniz?
-Hazırda istər televiziya kanalları, istərsə də incəsənət adamlarının fəaliyyəti kommersiyalaşıb. Əyləncə sektoru, toy bazarı inkişaf edib. Burada bir alqoritm sistem işləyir ki, bu sistemdə istedad yoxdur. Sənət yoxdur, ona görə də daha çox əxlaqdankənar davranışlar nümayiş olunur. Və burada böyük pullar var, araşdırılmalıdır ki, bu pullar haradan əldə edilir? Yəni, baxılmalıdır bunlar kimdir,  bunları kim maliyyələşdirir? Bu gün narkomaniyaya, insan alverinə, terrorizmə, çirkli pulların yuyulmasına qarşı ciddi mübarizə aparırıq və bu sahədə Azərbaycanın çox böyük uğurları var. Eləcə də bu gün səhnələrdə kifayət qədər zəngin insanlar var. Bu zəngin şəxslər qısa bir müddətdə - bir aya maşın dəyişən, ev dəyişən insanlardır, istirahətləri on minlərə başa gəlir. Araşdırılmalıdır ki, bu gəlir mənbələri hardandır? Əgər bunların gəliri varsa, vergi ödəyirmi? Vergi ödəmədən necə zənginləşib bu adamlar? Kimdir bunları gündəmdə saxlayan? Bunlar ifaçı deyil, bunların səsi yox, heç bir dəyəri yox. Bunları toya kim çağırır? Kim zənginləşdirir bunları? Necə olub savadsız, etikasız insanlar bu qədər zəngin ola bilər? Baxmaq lazımdır bunları kim öyrədir, kim deyir bunlara bu şəkildə davranın? Axı bir qadın özünün keçmişi haqqında bu şəkildə, özünün övladı olduğu halda, ailə üzvü olduğu halda belə şeyləri gündəmə gətirməyi doğru deyil. Lakin günü-gündən zənginləşirlər. Ütəlik mədəniyyəti də kommersiyalaşdırıblar.
Əlbəttə, bu məslədə təkcə sənəti olmayan müğənniləri günahlandırmaq yanlış olar. Bazar tələbin güzgüsüdür, cəmiyyət nəyi alqışlayırsa, o da böyüyür. Səviyyə yox nümayiş mükafatlandırılanda nəticə qaçılmaz olur. Nəticədə odur ki, böyük sənət kənara çəkilib. Estetik standartlar aşılanıb, mədəni institutlar, etibarlar zəifləyib. Mən 2020-ci ildən bəri "Toy İqtisadiyyatı" barədə yazıram.  İctimaiyyətə siqnallar ötürmüşəm ki, bunun qarşısını kəsin. Amma heç bir nəticə yoxdur. Odur ki, xüsusi bir araşdırma olmalıdır ki, bunların zənginləşməsində kimlər iştirak edir, bunların ictimaiyyətə çıxmasına, gündəmdə qalmasına dəstəkləyənlər kimlərdir? 

-Hazırda elə vəziyyət yaranıb ki, "sponsor" hesabına zənginləşən üzdəniraq müğənnilər cəmiyyətdə söz sahibinə çevriliblər, sanki cəmiyyətə diktə edirlər. Belə nümunələr cəmiyytə nə dərəcədə örnək ola bilər?  
-Burada böyük problem var. Bəzi insanlar bunların hərəkətlərindən nəticə çıxarmaq əvəzinə, baxıb onlara bənzəmək istəyir. Əvvəllər insanlarımız Babəkə, Nəsimiyə baxırdı. Bu qəhrəman obrazlarını məhşur aktyorlar yaradırdılar. Məktəblərdə onlarla görüşlər var idi, azyaşlılara qəhrəmanlıq, vətənpərvərlik kimi  dəyərlərimiz  təbliğ olunurdu. İndi isə elə bir vəziyyət yaranıb ki, cəmiyyət artıq "müğənnilərin" iştirakı olmadan verilişləri qəbul etmir. Mənim özümü dəvət ediblər verilişlərə, məcbur eləyiblər ki, müğənnilərlə bir verilişdə olmalısan. İzah etmişəm ki, olmaz, ancaq yenə deyirlər bunlarsız veriliş ola bilməz.
Yəni, dəhşətli bir faciəyə gəlmişik. Kimdir səhnə arxasında bunların gündəmə gətirilməsini təmin edən? Artıq bunlarla bağlı ciddi, sərt tədbirlərin görülməsi vaxtıdır. Çünki bunların heç bir elmi, savadı, qabiliyyəti, cəmiyyətə örnək ola biləcək heç bir standartları olmadığı halda, nədən bunlar cəmiyyətdə qəbul edilir? Saatlarla bunlara yönəlik verilişlər hazırlanır. Təsəvvür edin ki, akademiyanın kəşfləri ilə bağlı iki dəqiqəlik veriliş yoxkən, yəni professorların haqqında belə verilişlər yoxkən, nə qədər bir insanın boşanması haqqında veriliş olar? Bir boşanmaya bir ay veriliş həsr edilərmi?
Nədən bu mənəvi aşınma təbliğ olunur,  kimdir bu Azərbaycan xalqının əleyhinə gedən? Azərbaycan yeganə xalq olub ki, vaxtilə çəkilən filmlərdə qeyri-etik səhnələr üçün aktyor tapa bilməmişik. Gör Azərbaycan nə qədər müqəddəs olub! Yəni biz məcbur olub xaricdən həmişə bu məqsədlə aktrisalar dəvət etmişik. Görün nə qədər milli- mənəvi dəyərlər olub. Azərbaycanın milli- mənəvi dəyərləri bütün dünyaya örnək olub, bu bütün təsdiqləyici sənədlərdə var. Mənə xarici ölkələrdən sual verirlər ki, sizin sosial şəbəkələrdə nədən bütün gün bu işlərlə məşğul olurlar? Nədən boşanmalar, soyunmalar müzakirə olunur? Nədən siz müasir dövrü, dünyada gedən prosesləri müzakirə etmək istəmirsiz? Azərbaycan dünyada ən güclü milli-mənəvi dəyərlərə sahib olan ölkələrdən biridir, ona görə bu mövzuda çox diqqətli olmalıyıq. Mən deyəndə ki, bizim vəsaitimizin çox böyük hissəsi müğənnilərə gedir, heç kim inanmırdı. İnsanlar soruşurdu: Necə siz gecə-gündüz çalışaraq bu qədər əməyinizin qarşılığında vəsaitinizi müğənniyə verə bilirsiniz? İnsan təhsilə illik 2000 manat verdiyi halda, bir saata müğənniyə necə 20.000-30.000 verə bilər? Axı bizə kənar dövlətlər də, kənar qüvvələr də baxır. Siz bilirsiniz ki, sosial mühəndislər var dünyada. Bir xalqın gücünü, mənəviyyatını aradan qaldırmaq üçün belə yönəlik əməliyyatlar aparılır. Bu çox ciddi təhlükədir və biz bunun qarşısını mütləq almalıyıq. Yəni biz baxmalıyıq bunların arxasında hansı qüvvələr durur. Bu çox təhlükəlidir, bu həm də gələcəyimizin, cəmiyyətimizin gələcəyinin mədəni konturuna təhlükə yaradır. Belə adamlardan qurtulmaq zamanıdır.
-Belə bir fikir var ki, milli dəyərləri sıradan çıxartmaq, məhv etmək üçün xüsusi qruplar işləyirlər. Hətta bu məqsədlə kifayət qədər vəsait xərcləyirlər. Bu iddia nə qədər inandırıcıdır? 
- Var belə bir şeylər, bu isbat da olunub. Bunun təcrübəsi də var. Uzun müddət xaricdən xüsusi sosial mühəndislik Türkiyəyə qarşı olub. Türkiyədə olan monolitlik, dindarlıq, milli mənəvi dəyərlərə qarşı xüsusi əməliyyatlar aparıblar. Hətta elə adlar fikirləşiblər ki, aşağılayıcı təsir bağışlasın. Məsələn, kinolarda türk insanı  "qapıçı" rolunda verilir. Bir növ göstərirlər ki, bax, İslamı seçim edənlər yoxsul adamlar olur.  Bu gün baxırsan o adlar artıq yoxdur, get-gedə itirilir. Kinolarda əxlaqdankənar davranışları nümayiş edən adlardan daha çox istifadə edilir. Bu xüsusi düşünülmüş əməliyyatların nəticəsidir. Bu baxımdan bu barədə  çox ciddi şəkildə düşünməliyik. İnsanlara o dram teatrlara, məktəblərdəki dram səhnələrə sevgini qaytarmaq lazımdır.

-Çıxış yolunu necə görürsünüz? Bu kimi halların qarşısını necə almaq olar?
-İlk növbədə sənəti olmayan, zənginliyi ilə gündəmə gələn müğənnilərə istinai  boykot elan olunmalıdır. Kimin pulu varsa, cəmiyyət kimə pul verirsə, o da söz sahibi olur. Birinci cəmiyyət toylarda bunlardan imtina etməlidir. Cəmiyyət "qara siyahı" hazırlamalıdır. Nəzarət qurumlar tərəfindən bunların televiziyaya buraxılması qadağan olunmalıdır. Rəsmi şəkildə bütün ictimaiyyətə deyilməlidir ki, bu şəxslər milli-mənəvi dəyərlərin aşınmasını həyata keçirdiklərinə görə efirdən uzaqlaşdırılırlar.
Digər bir təsir mexanizmi fəxri adların nəzərdən keçirilməsidir. O "keçidli" fəxri adlar alan yoldaşların adlarına yenidən baxılmalıdır ki, o fəxri ada uyğun davranırlarmı? O fəxri ada uyğun səhnə mədəniyyəti varmı?
Sponsorların təsbit edilməsinə ehtiyac var. Bunlara sponsorluq edənlərin, bunları zənginləşdirənlərin, səhnə arxasında kimlikləri təsbit olunmalıdır. Kim bunları idarə edir? Kim bunları verilişlərə çıxarır? Kim bunları ekspert təyin edir?
 Yeni və gözəl verilişlərin hazırlanması vacibdir ki, gerçək biliyə sahib olan adamların ekspert olması ilə televiziya kökündən dəyişin. Onda görəcəyik ki, cəmiyyət artıq nəyi tərcih edəcək. Çünki insana nə verərsən, onu qəbul edər. Baxın keçmiş tamaşalara, niyə 40-50 il bundan qabaq hazırlanmış tamaşalara hələ də baxılır? Deməli, insanların zövqü qalır. Gözəllikləri insanların özünə qaytarmaq lazımdır.
Digər bir məsələ məzun günləri ilə bağlıdır. Bu universitetlərdə məzun gecələrinə son qoymaq lazımdır. Məzunları, tələbələri, aldıqları diplomla əmək bazarına girişi ilə bağlı təbrik etmək yerinə, onların qarşısına müğənni çıxardırlar. Bütün məzun gecələrində müğənnilərdir. Başa düşə bilmirəm, nə ehtiyac var? Məzun gecəsinə Nobel mükafatçısı "Zoom"dan qoşulsun təbrik eləsin, Azərbaycanın nüfuzlu şəxsləri, tanınmış iş adamları, istedadlı jurnalistlər dəvət edilsin. Yazıq məzun ən sevincli günlərini müğənni ilə paylaşır. İmkan ver qarşısına hüquqşünas, ən güclü prokuror çıxsın, müstəntiq çıxsın, danışsın fəaliyyəti haqqında. Universitet məzunlarının sevinclərini müğənnilərlə deyil, öz sahələrinin peşəkarları ilə bölüşməsi daha faydalı ola bilər. Məzun gecələri üçün toplanan vəsaitlərin elmə və ya inkişafa deyil, müğənnilərə xərclənməsinə nə ehtiyac var?
Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31