“Suverenliyimizin qoruyucuları” layihəsi uğurla başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Suverenliyimizin qoruyucuları" layihəsinin əsas tədbiri 17 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilmişdir. Layihə gənclər arasında suverenlik mövzusu ətrafında sağlam rəqabət mühitinin formalaşdırılması, komanda ruhunun gücləndirilməsi və intellektual potensialın inkişaf etdirilməsi məqsədi daşıyıb.
Layihə çərçivəsində əvvəlcədən onlayn qeydiyyat elan olunmuş və qeydiyyatdan keçmiş gənclər arasında 15 dekabr 2025-ci il tarixində qısa seçim testi keçirilmişdir. Seçim mərhələsinin nəticələrinə əsasən ən yüksək nəticə göstərmiş 25 nəfər əsas yarış mərhələsində iştirak hüququ qazanmışdır.
17 fevral tarixində keçirilən əsas tədbirdə iştirakçılar 5 nəfərlik komandalara bölünərək suverenlik mövzusu, dövlətçilik dəyərləri, intellektual biliklər və məntiq tapşırıqlarını əhatə edən suallar üzrə mübarizə aparmışlar. Yarışın ilk mərhələsində komandalar test formatında sualları cavablandırmış, nəticələrin qiymətləndirilməsindən sonra iki komanda final mərhələsinə vəsiqə qazanmışdır.
Final mərhələsində açıq tipli suallar əsasında komandalar arasında müzakirəli yarış keçirilmişdir. Qısa zaman çərçivəsində cavabların təqdim olunması komandaların operativ düşünmə və birgə qərarvermə bacarıqlarını ön plana çıxarmışdır. Yekunda qalib komanda müəyyən edilmiş və tərəfdaş qurum tərəfindən müxtəlif hədiyyələrlə təltif olunmuşdur.
Tədbir çərçivəsində bütün 25 iştirakçıya Azərbaycan Respublikasının Gənclər Fondunun və tərəfdaşın loqosu əks olunmuş köynəklər və sertifikatlar təqdim edilmişdir. Tədbirin sonunda iştirakçılar layihə ilə bağlı öz fikirlərini bölüşmüş, yarışın dinamik və motivasiyaedici formatda təşkil olunduğunu qeyd etmişlər.
"Suverenliyimizin qoruyucuları" layihəsi gənclər arasında suverenlik mövzusuna marağın artırılması, yarış ruhunun gücləndirilməsi və komanda bacarıqlarının inkişaf etdirilməsi baxımından uğurla başa çatmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31