Azərbaycan Universitetində “Süni zəka” mövzusunda təlim
14:52 SosialAzərbaycan Universitetində akademik və inzibati heyət üzvləri üçün "Praktiki süni zəka" mövzusunda təlim təşkil olunub. Təlimin məqsədi peşəkar fəaliyyətdə süni zəka alətlərindən effektiv istifadəni təşviq etmək və universitet əməkdaşlarını süni zəka alətlərinin praktiki imkanları ilə tanış etmək olub. Keyfiyyət təminatı şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev təqdimatla çıxış edib.
Tədbirdə qeyd olunub ki, 2022-ci ildən başlayaraq generativ platformaların açıq istifadəyə verilməsi nəticəsində süni zəka artıq yalnız texniki mütəxəssislərin deyil, geniş istifadəçi kütləsinin də gündəlik iş alətinə çevrilib. Süni intellekt texnologiyalarının təhsil sisteminə inteqrasiyası təhsil resurslarının səmərəliliyini artırır.
Təqdimatda süni zəka anlayışı və onun tarixi inkişaf mərhələləri haqqında məlumat verilib, iştirakçılara iş proseslərinin optimallaşdırılması istiqamətində müxtəlif süni zəka alətləri, o cümlədən real keyslər təqdim olunub. Həmçinin süni zəkanın əsas prinsipləri, generativ süni zəka alətlərindən istifadə, effektiv sorğu (prompt) yazma yanaşmaları, eləcə də biznes və marketinq sahəsində tətbiqi istiqamətləri izah olunub.
İnteraktiv formatda təşkil olunan təlim mövzuya dair fikir mübadiləsi ilə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi