“Qara Tofiq”in səhhətində ciddi problemlər yarandı
14:50 SosialAzərbaycanın keçmiş nazirinin səhhətində ciddi problemlər yaranıb.
"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynli ("Qara Tofiq") ağır xəstəlikdən əziyyət çəkir.
On ilə yaxındır İsveçrədə mühacirətdə olan T.Hüseynli xərçəng xəstəliyinə tutulub. Hazırda bu ölkədə müalicəsi davam edir. Həkimlər onun durumunu ağır kimi qiymətləndirirlər.
Qeyd edək ki, Tofiq Hüseynli 1952-ci il martın 30-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. O, Politexnik İnstitutunun (Texniki Universitet) Texnologiya fakültəsini bitirib.
T.Hüseynli Tovuz rayon İstehsalat Kombinatında Texniki-Nəzarət şöbəsinin rəisi, Texniki Peşə Məktəbində Tədris İstehsalat işləri üzrə direktor müavini, Tovuz rayon İcraiyyə Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.
O, 1992-ci ildə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı, 4 mart 1993-cü ildə isə kənd təsərrüfatı naziri təyin edilib. Bir neçə ay nazir olan T.Hüseynli həmin ilin iyun ayında qərb bölgəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin olunub.
T.Hüseynli 1994-cü il martın 25-də qanunsuz silah gəzdirməkdə təqsirli bilinərək həbs olunub. O, 1995-ci il yanvarın 18-də isə azadlığa buraxılıb.
T.Hüseynli sonrakı illərdə Müsavat Partiyası sıralarında siyasətlə məşğul olub. 2015-ci ildə təşkilatdan istefa verib. Bir neçə il əvvəl İsveçrəyə mühacirətə gedib.