İctimai mənəviyyatı təhqir edən şəxslərlə mübarizə tədqirəlayiqdir

"Azərbaycan Respublikasının Baş Prokurorluğu sosial şəbəkə istifadəçilərinə müraciətini və bu sahədə həyata keçirdiyi bütün praktiki fəaliyyətləri həm sıravi vətəndaş, həm də Mediasiya Şurası İdarə Heyətinin sədri olaraq alqışlayır və təqdirəlayiq addım hesab edirəm". "Olaylar" xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov deyib: "Sosial şəbəkələrdə ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə edən hərəkətlərin, əxlaqsız ifadələrin və ya bu məzmunu çağrışdıran jestlərin artması fonunda belə hallara yol verən şəxslər barəsində inzibati həbs və inzibati cərimə tədbirlərinin tətbiqi ictimai fikirdə çox böyük rəğbət qazanıb və yüksək qiymətləndirilir. 

İctimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik göstərən şəxslərlə mübarizə istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu başda olmaqla hüquq‑mühafizə orqanlarımızın gördüyü tədbirlərə görə dərin təşəkkür edirik.  

İctimaiyyət nümayəndələri və ictimai xadimlər də aparılan işləri alqışlamalı, bu fəaliyyətə dəstək verməli və hüquq‑mühafizə orqanlarımızın səylərini yüksək qiymətləndirməlidirlər.

İctimai rəydə böyük rəğbət qazanan bu mübarizə çərçivəsində Baş Prokurorluqla yanaşı, Məhkəmə Hakimiyyətinin, o cümlədən Azərbaycan Respublikasının Ali Məhkəməsi (şəxsi həyatın qorunması ilə bağlı Plenum qərarları), eləcə də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi aktiv fəaliyyəti xüsusi qeyd olunmalıdır. 

Bu addımlar eyni zamanda ölkəmizdə hüquq mədəniyyətini formalaşdıran addımlardır, təqdirəlayiqdir, qürurvericidir və ümid edirik ki, sosial şəbəkə istifadəçiləri etik davranış qaydalarına daha ciddi yanaşacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31