Sabah Novruzun ilk çərşənbəsidir - Nələri səhv bilirik?

Sabah Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsidir.

Bu çərşənbəni bəzən "Yalançı çərşənbə", "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar.

Çərşənbə adətləri nələrdir, adlandırılması nə ilə bağlıdır, çərşənbələr haqqında nələri bilməliyik?

Folklorşünas Aynur Qəzənfərqızı mövzu ilə bağlı açıqlamasında bildirib ki, kiçik çillə fevralın 20-də başa çatıb, ayın 21-dən isə Boz ay başlayıb:

"Boz aydakı ilk çərşənbə axşamı Su çərşənbəsi kimi qeyd olunur. Yaxın keçmişdə bəzi bölgələrdə bu günə "Yalançı çərşənbə" də deyilib.

Çərşənbələr və dörd ünsür məsələsi

Çərşənbələrin adlandırılması dörd ünsürlə - hava, od, su və torpaqla əlaqələndirilir. Buna görə də bəzən bu ənənə səhvən zərdüşlüklə bağlanır. Səbəb kimi zərdüştilikdə oda xüsusi münasibətin olması göstərilir. Lakin bu yanaşma doğru deyil. Zərdüştilikdə od müqəddəs sayılır və sitayiş obyektidir. Novruzda isə tonqal qalamaq və onun üzərindən tullanmaq "ağırlığım tonqalda yansın" deyimi ilə müşayiət olunur. Heç bir dində insan sitayiş etdiyi Tanrının üzərindən hoppanmaz. Deməli, Novruz tonqalı ilahiləşdirilmiş od deyil, təmizlənmə və yenilənmə rəmzidir".

Çərşənbələrin adları: ənənəvi yanaşma

Folklorşünas bildirib ki, yaxın keçmişə qədər çərşənbələr ünsürlərlə deyil, başqa adlarla tanınıb:

"Xalq arasında çərşənbələr "Yalançı", "Xəbərçi", "Ölü çərşənbəsi" və "İlaxır" kimi adlar işlədilirdi. Novruz bayramı isə "İlbaşı" kimi xatırlanırdı. Çərşənbələrin dörd ünsürlə adlandırılması sonrakı dövrlərdə formalaşıb və bunu farslarla müəyyən mədəni yaxınlaşmalarla izah etmək olar. Lakin Novruzu qeyd etmək atəşpərəstliyin davamı demək deyil. Orta Asiya xalqları və bütövlükdə türk dünyası bu bayramı qeyd edirsə, bu, onun qədim türk mədəniyyətinə bağlılığını göstərir".

Su çərşənbəsi və qədim inanc sistemi

"İlk çərşənbə Su çərşənbəsidir. Qədim türklərin təktanrılıq inancı olan Tenqriçilikdə "Yer-Su" anlayışı mövcuddur. Qədim təsəvvürlərə görə, yer və su ruhları - yəni əyələr - təbiətin qoruyucu sahibləridir. "Əyə" burada sahib, qoruyucu mənasını verir. Folklorumuzda suya böyük hörmət göstərilib. Məsələn, su içən adama toxunmazlar, əlində su ilə qarşılaşmaq aydınlıq və xeyir sayılar, su içən insanı danışdırmazlar. "Çay nənəsi", "Vurğun əyəsi" kimi obrazlar suyun ruhunu və müqəddəsliyini ifadə edir. Bu inanclar qədim türklük düşüncəsinə dayanır və xalq yaddaşında qorunub saxlanılıb. Bəzi tədqiqatçılar dörd ünsür anlayışını zərdüştiliklə əlaqələndirsələr də, su ilə bağlı inancların kökü daha qədim - Tenqriçilik dünyagörüşünə gedib çıxır".

Su çərşənbəsinin adətləri

Aynur Qəzənfərqızı qeyd edib ki, su çərşənbəsində dan yeri sökülən vaxt evləri təmizləmək, həyət-bacaya su səpmək adətdir:

"Bu, təmizlənmə və yenilənmə rəmzi sayılır. Uşaqlıq xatirələrimdə çayın buzunu sındırıb su gətirmək və həyətə çiləmək xüsusi yer tutur. Su hər şeyi saflaşdıran ünsür kimi qəbul edilir. Bu gün həmin adəti simvolik şəkildə davam etdirmək üçün buzluqda su dondurub, buzunu qıraraq evə çiləmək olar. Müasir araşdırmalarda da suyun strukturunun ona yönələn təsirə görə dəyişə bildiyi qeyd olunur. Xalqımız isə bunu elmi terminlərlə deyil, inanclar və adətlər vasitəsilə əsrlər boyu yaşadıb. Ona görə də ilk çərşənbədə evə su çiləmək sadəcə bir adət deyil, həm də təmiz niyyət, saf düşüncə və yeni başlanğıca inamın rəmzidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31